MSK Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almayıb

MSK Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almayıb

Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun Azərbaycan Respublikası Prezidentliyinə "Milli Şura" təşəbbüs qrupu tərəfindən irəli sürülmüş namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən rədd olunub. SİA-nın xəbərinə görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, namizədliyinin təsdiq olunması ilə bağlı R.İbrahimbəyovun MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı qənaətinə gəlinib. Buna səbəb onun ikili vətəndaşlığa sahib olması, digər dövlətlər qarşısında öhdəliyinin olmasıdır.

A.Muxtarova bildirib ki, MSK Rüstəm İbrahimbəyovla bağlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə məktub ünvanlanıb: "Ünvanlanan məktubda Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığının olması təsdiqini tapıb. Həmçinin onun Rusiya Federal Miqrasiya Xidmətinə vətəndaşlıqdan çıxmaq barədə müraciət etdiyi də məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə