Sərdar Həmidov: "Mənə bu gün dəli deyənlər, vaxtilə dövləti talayırdılar" MÜSAHİBƏ
Tərtər rayonu İcra hakimiyyətinin keçmiş başçısı Sərdar Həmidovun SƏS TV-yə müsahibəsi:
- Sərdar müəllim, sizi müxalifət liderləri və mətbuat orqanları dəli kimi təqdim edirlər. Bu nədən qaynaqlanır? Onların sizə qarşı bu kimi fikirlər səsləndirməsinə səbəb nədir?
- Onların mənə qarşı belə ifadələr işlətməkdə məqsədi, mənim hər şeyi olduğu kimi doğru danışmağımdır. Tarixi geriyə varaqlayanda da şahidi oluruq ki, "dəli ləqəbi" igidlərə məxsus olub. Məsələn, Dəli Alı, Dəli Koroğlu, Dəli Həsən və bir sıra digər şəxsiyyətləri misal göstərə bilərəm. Mənə dəli deyənlərin özü sözün əsl mənasında dəlidir. Mən isə özümə deyilən "dəli" ləqəbini göstərdiyim igidliyə, dürüst olduğma görə, aldığımı yaxşı bilirəm. Onlar riyakardır. Çünki hakimiyyətdə olduqları dövrdə suyunu, havasını udduqları dövlətə ziyandan başqa heç nə vermədilər.
- Sizin qardaşınız İskəndər Həmidovun, sizi müdafiə etməməsi, onun sizə "dəli" deyənlərlə eyni mövqedən çıxış etməsi fikrini formalaşdırmır ki?
- Qardaşım İskəndər Həmidov 1993-cü ildə istefa verəndə, öz sözünü demədən vəzifəsini tərk etdi. O, bir çox faktların üstünü açmadı. Qardaşım deyə bilmədi ki, mənim müavinimi belə mən özüm seçməmişəm, onu İsa Qənbər seçib. Eldar Həsənov onun birinci müavini olanda qərarı Elçibəy verməyib. Digər bir tərəfdən, İskəndər Həmidov polisdə istindaqa cəlb olunmuş bir insandır. Xatırlayırsınızsa, Heydər Əliyev onu həbsdən qurtarmışdı. İndiki müxalifət liderlərinin çoxu İskəndərdən narazı idi. Çünki, vəzifə distansiyası olduğuna görə, o, heç kimin sözünü eşitmirdi. O , heç mənim özümü də eşitmir, dediklərimə məhəl qoymurdu.
Mən vəzifədə olduğum müddətdə haram tikə yeməmişəm. Amma mənə bu gün dəli deyənlər dövləti talayırdı. Mənim onların iç üzünü açmaq üçün deyiləsi çox sözüm var. O zaman Ağdərə düşməndən azad olunmuşdu. Ağdərə isə Dağlıq Qarabağın 40 faizini təşkil edirdi. Onların "özlərinin-özlərinə" xəyanəti, qalib gələcəyimiz müharibədə uduzmağımıza səbəb oldu. Onlar arasında hərc-mərclik vardı. Hamı çalışırdı ki, prezident postunu ələ keçirsin. Bu kimi səbəblərə görə, vəziyyət gərginləşdi. Köhnə Tərtər su anbarı, o vaxt bizim əlimizdə idi. Ermənilərin yaşayış üçün normal şəraiti yox idi. Onlarda suvarmağa, əkin-biçin etməyə münbit torpaq belə yox idi. Erməni belə şəraitdə özü təslim olmağa məcbur olacaqdı. Lakin o vaxtkı iqtidar özü erməniyə şərait yaratdı. Hətta, onlar müharibədə iştirak edən şəhid olan əsl qəhrəmanlara deyil, heç silahı "söküb-yığmağı" da bacarmayanlara milli qəhrəman adı vermişdilər.
O dövrdə iqtidarın nümayəndələri birlik nümayiş etdirə bilmədikləri kimi, bu gün də onların yaratdıqları müxalifətdə birlik müşahidə etmək mümkün deyil. Hazırda onlar bir-birilərinin quyularını qazırlar. Məsələn, Əli Kərimli - İsa Qəmbər münasibətində onlar bir-birinin mövqeyini qəbul etmirlər. Aralarında ciddi ziddiyyətlər yaşanır. Hər ikisi Məmmədəmin Rəsulzadə deyə hayqıraraq, əsl simalarını gizlətməyə çalışırlar. Pənah Hüseynov də qərar tuta bilməyən "dələlər" kimi o ağacdan bu ağaca hoppanmaqla məşğuldur. Dövlətin inkişaf etdiyini görüncə, müxalifətdə olduğunu unudub, dövlətin ətəyindən yapışmağa başlayır. Düşünür ki, bəlkə müxalifətdən üz çevirməklə, gündən-günə inkişaf edən Azərbaycanda özünə gün ağlaya bilər.
- Sərdar bəy, sizcə, 20 ildir siyasətdə olan İsa Qənbər, Əli Kərimli, Pənah Hüseynov və digərlərinin heç vaxt siyasətdə olmayan bir kino-rejissora meydanda yer verməsi təəccüb doğurmur ki?
- Mənə "Milli Şura" deyəndə gözümün qarşısında "Koroğlu" əsərindəki yalıncıq canlanır. Onlar keçmişdəki Milli Şura ilə özlərini bərabər tutmağa çalışırlar. İndiki müxalifət iqtidarda olduğu müddətdə ancaq dedi-qodu, kişiliyə yaraşmayan qiybət etməklə məşğul olublar. Onlar bir dəfə hakimiyyətdə oldular, bu müddətdə artıq xalq üçün heç nə edə bilmədiklərini sübut etdilər. Ancaq xalqın gündən-günə geriləməsiə şərait yaratdılar. Çox təəəssüf ki, müxalifət nümayəndələri hərəkətlərindən utanc duymadı, bundan dərs almadılar. Hələ də utanmadan hakimiyyətə gəlmək istəyirlər. Onların yerinə kim olsa, tamamilə meydandan çəkilər, evindən çölə çıxmazdı.
Mən hərbidə olan bir adam kimi, indiki iqtidarın Milli Ordumuzu necə inkişaf etdirdiyinin fərqinə varıram. Bu yaxınlarda nümayiş olunan hərbi parad bunun bariz nümunəsi idi. Orada Azərbaycanda heç vaxt olmayan silah növləri nümayiş olundu. Bunun hamısı indiki iqtidarın uğurlarıdır. Məgər müxalifətin gözü bu qədərmi kordu ki, bunları görmür? Onların özləri bu gün vahid mövqedən çıxış edə bilmirlərsə, xalqı necə vahid mövqedə inkişaf etdirəcəklər. "Milli Şura" deyilən qurumun dırnaq arası lideri olan İbrahimbəyov Rusiya-ABŞ arasında gəzməklə məşğuldur. Onu Azərbaycanın gələcəyi maraqlandırmır. Ümumiyyətlə, "Milli Şura" deyilən bir şey yoxdur. Onlar özləri-özlərini məhv ediblər.
- Uzun çəkişmələrdən, mübahisələrdən sonra, "Milli Şura" deyilən qurum ortaq mövqeyə gələrək, vahid namizədlə çıxış edə biləcəkmi?
- Onlar bunu edə bilməyəcəklər, İbrahimbəyovun Azərbaycana gəlmək fikri yoxdur. Qorxaq insanın prezident olmasından, hətta bu iddiayla çıxış etməsindən danışmağa belə dəyməz. Digər tərəfdən, orada olan dırnaqarası siyasi liderlər də bir-birilərinin mövqeyini dəstəkləmir. Əgər onlar uzun illərin yoldaşı kimi bir parça çörəyi bölə bilmirlərsə, hansı birlikdən söhbət gedə bilər? "Milli Şura"-nın birləşmiş qüvvəsini də təşkil etdikləri piketdə gördük. Hər şey açıq şəkildə göz önündə idi. Minlərlə insanın mitinqdə iştirak edəcəyini iddia etsələr də, həmin gün meydanda 500-600 nəfərdən çox insan yox idi. Onların da bir qisminin nəzarətçilər, jurnalistlər olduğunu nəzərə alsaq, həmin mitinqin sadəcə piket olduğunu deyə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB