“Eldar Namazov və Əli Kərimli Azərbaycanda Suriya variantını yetişdirmək istəyirlər”
"El" hərəkatından istefa vermiş Əflan İbrahimov çoxlu suallar doğuran addımını şərh edərkən Milli Şura və bu qurumun ətrafında olan insanların hansı çirkin oyunlara qoşulduğu üzə çıxıb. Ə.İbrahimov bildirib ki, bu il martın 12-də yaradılmış "El" hərəkatının Məclisinin sədr müavini seçilmişəm: "Yəni Məclisin sədri Eldəniz Quliyev oldu, mən də onun müavini. Həm də hərəkatın rəhbəri Eldar Namazovun iqtisadiyyat üzrə sədr müaviniyəm. "El" hərəkatının yaradılmasında mənim də rolum olub, oradakı insanların da əksəriyyəti mən tərəfin adamları idi. Hərəkat yaranandan sonra Eldar Namazov vəzifə bölgüsü apardı və mən də oldum Məclis sədrinin müavini, həm də İdarə Heyətinin üzvü. İndi bunlar çəkinmədən deyirlər ki, bizim təşkilatda belə bir adam olmayıb".
Keçmiş müavin bildirib ki, "El" hərəkatının rəhbərliyində təmsil olunan 14 nəfərdən biridir: "Eldar Namazov demişdi ki, Milli Şura yarananda hərəkatın rəhbərliyindəki həmin on dörd nəfər də onun üzvü olacaq. Amma sonra Eldar Namazovla Əli Kərimli mənim Milli Şuraya seçilməyimə imkan vermədilər. Özümə qarşı belə münasibətdən incidim. Namazovdan soruşdum ki, axı kim imkan vermir mənim Milli Şuraya düşməyimə. O da cavab verdi ki, Əli Kərimli. Hətta mənə şərt qoydular ki, Milli Şuraya düşmək üçün qırxdan çox imza toplamalısan. Mən də Milli Şuraya düşmək üçün qapı-qapı düşüb imza topladım. Lakin açıq görürdüm ki, bunlarda mənə qarşı nəsə inamsızlıq, ehtiyatlı münasibət var".
OƏ.İbrahimov uzun müddət mətbuatın gündəmində olan pul məsələsinə də aydınlıq gətirib: "Mən İbrahimbəyova zəng edib dedim ki, Rüstəm müəllim, mən sizə görə gəlmişəm bura. Ancaq Eldar Namazovun bir "papka"sı var, bir özü, mən dözə bilmirəm, burada oyunlar gedir. Pul göndərirsən, sənin pulunu yeyirlər... Çünki Eldəniz Quliyevin yanından ona zəng edəndə dedi ki, bu beş ayda Eldar Namazova yüz minə yaxın pul yollamışam. Dedim ki, onlar burada oyun çıxarırlar. Rüstəm müəllimə dedim ki, axı sən mənə söz vermişdin. Mitinq olan gün (avqustun 18-də) "El" hərəkatının toplantısı oldu. Orada mən çıxış etdim ki, Eldar Namazov, sən buradakı insanlardan istifadə etmək istəyirsən, amma belə olmaz. Orada elə incə məsələlər var ki, mən hələlik ona toxunmaq istəmirəm. Yəni mitinqə gələsi adamlara pul paylanması, filan...".
Keçmiş müavin şok açıqlama verməkdən də çəkinməyib. Onun açıqlamasından bir daha sübut olunur ki, Milli Şuranın rəhbərləri qurumda təmsil olunanları və təəssübkeşləri, onlara inananları aldadıblar: "Rüstəm müəllim mənə şəxsən deyib ki, mən gəlməyəcəyəm. Bütün qanunlarda aydın göstərilib ki, ikili vətəndaşlığı olan şəxs seçkilərə qatıla bilməz, MSK onsuz da onu qeydə almayacaq... O sözü də mənə demişdi və mən də bunu "El" hərəkatının on dörd nəfərlik toplantısında bəyan etmişəm. Orada Eldar Namazov da dedi ki, bilirik də, Rüstəm İbrahimbəyov gəlməyəcək. Bundan sonra iclasda gurultu qopdu ki, bu nə deməkdir? Namazov vəziyyətin qəlizləşdiyini görüb başladı nala-mıxa vurmağa ki, bəs vəziyyət elə deyil...Dedim, mən gedib bəyanat verirəm, siz saxtakarlıqla məşğulsunuz".
Ə.İbrahimov digər bir sirrin üstünü də açıb: "Eyni zamanda, Eldar Namazov mənə dedi ki, Əflan müəllim, Əli bəylə danışmışam, biz istəyirik, Rüstəm müəllim gəlsin, onun namizədliyini bunlar qeydə almasın və biz də burada, rayonlarda xaos yaradaq, Quba, İsmayıllı variantlarını həyata keçirək... Ona dedim ki, mən bu oyunlarda yoxam. Bəli, məqsəd də bundan ibarət olub ki, Eldar Namazov Əli Kərimli ilə, İsa Qəmbərlə birləşsin, Rəsul Quliyevin imkanlarından, Əli İnsanovun pulundan istifadə edib xaos yaratsınlar...Gördüm ki, bunlar burada Suriya variantını yetişdirmək istəyirlər. Ona görə də bu məsələləri açmaq qərarına gəldim".
EL-in keçmiş müavini qəti olaraq bildirib ki, Milli Şura artıq yoxdur: "Avqustun 19-da keçirilmiş sessiyadan sonra deyə bilərik ki, Milli Şura faktiki yox oldu. Siz təsəvvür edin ki, onlar hətta Rüstəm İbrahimbəyovun sənədlərində də saxtakarlıq ediblər. Təşəbbüs qrupunda yalandan imzalar atıblar. İmzaların heç biri düz deyil – bir nəfər on nəfərin əvəzindən qol çəkib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB