Ana Vətən Partiyasının (AVP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının 15 avqust 2013-cü ildə keçirilən iclasında AVP Ali Məclisin üzvü Zahid Orucun prezident seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, prezident seçkilərində iştirak Zahid Orucun konstitusion hüququdur və partiya onun bu hüququna hörmətlə yanaşır.
Ana Vətən Partiyasının rəhbər orqanlarında təmsil olunan Zahid Oruc partiyanın VI Qurultayının prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi və irəli sürülməsi haqqındakı qərarından məlumatlı olub. O, partiyanın mərkəzi qurumlarını məlumatlandırmadan prezidentliyə namizədliyini irəli sürüb və beləliklə, partiyanın VI Qurultayının iradəsinə qarşı çıxıb və partiya nizamnaməsinin bir neçə müddəalarını pozub. Ana Vətən Partiyasının MNTK Zahid Orucun partiya sıralarından azad olunması haqqında qərar qəbul edib.
Məlumatda qeyd olunub ki, partiya Z.Oruca bundan sonrakı fəaliyyətində uğurlar arzulayır və yaranmış problemi bitmiş hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB