""Milli Şura"nın ssenarisi kinofilmdən daha çox teleserial ssenarisi kimi yazılmışdı" Müsahibə
Siyasi şərhçi Elçin Mirzəbəylinin SİA-ya müsahibəsi:
- Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən gözləntilərimiz reallaşdımı? Bu səfər bundan sonra iki dövlət arasındakı münasibətlərə nə kimi müsbət təsir göstərəcək?
- Rusiya prezidentinin Azərbaycana səfəri, şübhəsiz ki, hər iki dövlət arasındakı münasibətlərə aydınlıq gətirilməsi və əlaqələrin inkişafı üçün önəmli hadisədir. Səfərin nəticəsi olaraq bir sıra strateji istiqamətlərdə sazişlər imzalanıb və bu sənədlər ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərdən gözləntilərə gəldikdə isə, düşünürəm ki, bu məsələyə fərqli yanaşmaq lazımdır. Müşahidələrimə görə, həm rəsmi Bakının, həm də Moskvanın bu səfərdən yeganə gözləntisi ikitərəfli əlaqələrin inkişafı və intensivləşdirilməsi ilə bağlı idi. Bu gözləntilər də, özünü doğrultdu.
- Putinin Azərbaycana səfəri hər zaman olduğu kimi, bu dəfə də Ermənistanda narahatçılıq doğurub. Erməni politoloqlar isə iddia edirlər ki, bu səfər Ermənistanla yanaşı, İranı da narahat edib. Bu narahatçılıq nə ilə bağlıdır?
- İstənilən Rusiya rəsmisinin səfəri Ermənistanda narahatlıq doğurur. Bu da ondan irəli gəlir ki, Ermənistan müstəqil dövlət deyil, kənar təsirlərdən, xüsusilə Rusidan asılıdır. Ermənistanın işğalçılıq siyasəti bu ölkəni kənar təsirlərin girovuna çevirib. Ermənistan Rusiyanın ətəyindən yapışıb və ətək sahibi harasa səfər edəndə biçarələr əllərinin ətəkdən üzüləcəklərini düşünürlər.
- Bir çox partiyaların təmsil olunduğu "Milli Şura" Rüstəm İbrahimbəyovu vahid namizəd kimi elan ediblər. Lakin həmin partiyalar ayrı-ayrılıqda öz namizədliklərini irəli sürüblər. Bu müxalifətin vahid namizəd ideyasının arxa plana keçdiyini göstərmir?
- Radikal və xaricdən himayə olunmalarını gözləyən müxalifət düşərgəsinin bu günə qədər həyata keçirmək istədikləri bütün layihələr kimi, "Milli Şura" layihəsi də iflasa uğrayıb. Çünki, özlərinin də etiraf etdikləri kimi, layihənin - ssenarinin müəllifi onlar deyildilər. Ssenari kənarda yazıldığı üçün, kənarda da pozuldu, yaxud ssenarinin sonu indi ortaya çıxdı. "Milli Şura"nın ssenarisi kinofilmdən daha çox teleserial ssenarisi kimi yazılmışdı. Seriallarda isə adətən bir neçə seriyanın ssenarisi öncədən yazılır, daha sonrakı bölümlərdə isə aktyorlar ssenari ilə çəkiliş meydançasında tanış olurlar. Görünür, Rüstəm İbrahimbəyov "Milli Şura"nın üzvlərinə ssenarinin pilot hissəsini, yəni bir neçə seriyasını danışıb... Vahid namizəd ideyasına gəldikdə isə, daha əvvəlki seçkilərdə nə baş vermişdisə, bu dəfə də eyni hadisələr təkrar olunacaq. Seçkilərdə "Milli Şura"da təmsil olunan bir neçə partiyanın təmsilçisinin iştirak etməsi mümkündür. Belə olduğu təqdirdə həmin partiyalar prezident seçkilərindən sonra müəyyən müddətə də olsa, öz mövcudluqlarını qoruyub saxlaya biləcəklər. Həmin partiyaların seçkilərdən kənarda qalması isə onların siyasi mövcudluqlarına son qoyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB