Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Obişer ilə görüşüb. SİA-nın xəbərinə görə, Əli Həsənov Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
O bildirib ki, ölkələrimiz arasındakı siyasi, mədəni, humanitar sahələrdə təcrübə mübadiləsi bunun bariz nümunəsidir. Azərbaycan bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdirilməsində maraqlıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əli Həsənov qeyd edib ki, bu məsələ ölkəmiz üçün prioritet problemdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib: "Bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır".
Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran Baş nazirin müavini vurğulayıb ki, haqq-ədalət tezliklə öz yerini tapacaq: "Günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də həllini tapmayıb".
Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb: "Dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub ki, bunun da 2 milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun payına düşür. Bundan əlavə, indiyədək ölkəmizdə Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə salınıb. Bu qəsəbələrdə 160 min qaçqın və məcburi köçkün yerləşdirilib".
Baş nazirin müavini bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşən məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir. İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycanda artıq 12 il fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, bu müddətdə müxtəlif sahələri əhatə edən 20 milyon ABŞ dolları məbləğində proqramlar həyata keçirilib: "Bu proqramlar xüsusilə işğal altındakı ərazilərə yaxın rayonlarda və tam işğal olunmamış Ağdam və Füzuli rayonlarında reallaşdırılır. Azərbaycan Hökuməti təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıb. İsveçrə Konfederasiyası bir çox hallarda beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir".
Paskal Obişer İsveçrənin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, ölkəsi bu inkişaf yolunda müxtəlif mərhələlərdən keçib. Azərbaycan müstəqilliyinin bərpasından keçən qısa müddətdə dinamik inkişaf edib.
İsveçrənin gələn il ATƏT-ə sədrlik edəcəyini deyən Paskal Obişer vurğulayıb ki, bu müddətdə ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Avropada mövcud olan digər münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Sonda diplomata "Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)" kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB