Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasına start verdi

Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasına start verdi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında prezident seçkiləri ilə bağlı YAP-ın şəhər və rayon təşkilatlarının Ümumrespublika müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirədə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın şəhər və rayon təşkilatlarının qarşıdan gələn prezident seçkilərilə əlaqədar əsas fəaliyyət və vəzifələrindən danışıb. O bildirib ki, prezident seçkiləri oktyabr ayının 9-da keçiriləcək. Bununla əlaqədar, Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş prinsiplərə uyğun olaraq, YAP-ın seçkilərdəki namizədi MSK tərəfindən qeydə alınıb və onun təsdiqlənməsi üçün partiya imzatoplama kampaniyasına start verir.

Əli Əhmədov imzatoplama kampaniyasının qanuna uyğun şəkildə həyata keçirilməsi üçün YAP-ın rayon və şəhər təşkilatlarının rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, müşavirədə YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP-ın rayon təşkilatlarının sədrləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə