Azərbaycan Jurnalistlərinin VI qurultayı keçirilib YENİLƏNİB-FOTOLAR

Azərbaycan Jurnalistlərinin VI qurultayı keçirilib YENİLƏNİB-FOTOLAR

Bu gün Azərbaycan Jurnalistlərinin VI qurultayı keçirilib. SİA-nın məlumatına görə, Qurultayda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzetlərin baş redaktorları, media rəhbərləri iştirak ediblər.

Qurultayın rəsmi açılışına Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətini səsləndirib.

Müraciətdə deyilir: "Azərbaycanda siyasi plüralizmin təmin edilməsində kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib.

Dövlət başçısı İlham Əliyev müraciətdə bildirib ki, Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın özünü tənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynayıb.

Prezident qeyd edib ki, Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları və vətəndaşlarla mətbuat arasındakı münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının güclənməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət göstərib: "Bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial-müdafiəsinin təmin edilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir. KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətə davamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir. Ümidvaram ki, qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində və xarici aləmdə öz missiyasını daha yüksək səviyyədə davam etdirməyə şərait yaradacaq, milli mətbuatımızın inkişafına müsbət təsir göstərəcək".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, bu, sayca 6-cı qurultayımızdır: "Əlamətdar cəhətlərindən biri Azərbaycan Mətbuat Şurasının 10 yaşına təsadüf etməsidir. İçərinizdə 800 nəfərdən çox həmkarımızın 15 mart 2003-cü ildə maraqlı diskussiyalar şəraitində Azərbaycan Mətbuat Şurasını təsis etmələrini xatırlayanlar var. Əslində o təməl digər qurultaylar üçün də ənənəyə çevrilib. Lakin ən önəmlisi odur ki, jurnalist cameəmiz yaratdıqları qurumu 10 illik yubileyinə qovuşdura bilib. Bu, birgə zəhmət, səy, iradə və qayğı sayəsində mümkün olub. Mətbuat Şurasının daşıdığı funksiya - media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi isə ona digər qütblərin də sözün əsl mənasında dəstəyini qazandırıb. Biz bunu bütövlükdə ölkə mediasının, Mətbuat Şurasının inkişaf templərində, hər bir qurultayın spesifik orijinal vəzifələrin daşıyıcısı kimi xarakterizə olunmasında, yadda qalmasında görür və qiymətləndiririk. Gəlin, qısa da olsa xatırlayaq. İlk qurultayımızdan sonra Mətbuat Şurası təşkilatlanma mərhələsini yaşadı. İkinci qurultayımız Mətbuat Şurasının yaradılmasını milli jurnalistikamızın inkişafında yeni mərhələnin - özünütənzimləmə mərhələsinin başlanğıcı olduğunu bəyan etdi. Üçüncü qurultayımızda təşkilatlanmadan keyfiyyət dəyişikliklərinə doğru atılan addımları dördüncü və beşinci ali məclislərimiz yeni çalarlarla zənginləşdirdi".

Daha sonra Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov və digərlər çıxış edərək qurultayın əhəmiyyətilə bağlı dəyərli fikirlərini bölüşüblər.

Sonra söz yenidən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilib. PA rəsmisi diqqətə çatdırıb ki, mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur: "Jurnalistlərin VI qurultayı jurnalistlərin peşəkarlaşması, neqativ proseslərin tədricən jurnalistikamızdan sıxışdırılıb çıxarılması və mətbuatın demokratikləşməsi məhz indiki dövrə təsadüf edir. Qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, mətbuatın maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinə rəvac verəcək. Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaq. Şura bütün ölkə mətbuatının seçimi əsasında formalaşan yeganə qurumdur. Biz də bu qurumu tanıyırıq. Mətbuat Şurası jurnalistlərin seçkili orqanıdır. Jurnalistlərlə bağlı qərarları siz verirsiniz, dövlət olaraq biz də buna hörmətlə yanaşırıq. Dövlət də Mətbuat Şurasının müraciət etdiyi bütün məsələləri müzakirə edir. Məsələn, dünən Nicat Dağların səhhətindəki problemlə bağlı Mətbuat Şurasının müraciəti dərhal müsbət dəyərləndirildi. Bundan başqa, dəfələrlə həbsdə olan, problemlərlə qarşılaşan jurnalistlərin müraciətləri müsbət həll olunub. Çoxlu sayda məhkəmə proseslərinin qarşısı alınıb. Əgər bir quruma son iki ildə 3500-dən çox müraciət daxil olubsa, deməli, bu təşkilat fəaliyyət göstərir və cəmiyyətdə öz yerini tapıb. Belə olan təqdirdə, MŞ-ni mediamızın ümumi orbitinə çevirmək lazımıdır".

Daha sonra Azərbaycan Jurnalistlərinin VI Qurultayının iştirakçıları prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubu Azərbaycan jurnalistlərinin VI qurultayında "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli oxuyub. Məktubda deyilir ki, Azərbaycanda mediaya göstərilən böyük diqqət və qayğı əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və sizin uğurla həyata keçirdiyiniz çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanır: "Kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müstəqilliklərinin genişləndirilməsinə, onların ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına və sair bu kimi vəzifələrin gerçəkləşməsinə yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm konfrans və seminarların düzənlənməsi ölkəmizin beynəlxalq imicinin də yüksəlməsinə xidmət edir. Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. Media ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil olunmasına dair aldığımız xəbər bizləri ürəkdən sevindirdi".

Daha sonra BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının və s. Mətbuat Şurası sədrinin hesabatını yüksək qiymətləndiriblər.

"SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, bu Qurultay Mətbuat Şurasının on illik fəaliyyətinə verilən qiymət olacaq: "Hesab edirəm ki, Mətbuat Şurasının hesabatını qənaətbəxş hesab etmək olar. MŞ on illik fəaliyyəti dövründə həm dövlət strukturları ilə mətbuat arasında olan münasibətlərdə, həm ictimaiyyətlə mətbuat arasında olan münasibətlərdə, həm də mətbuatın özünün problemlərinin araşdırılması istiqamətində böyük missiyanı yerinə yetirib. Hesab edirəm ki, bundan sonra da MŞ rəhbərliyinə və onun ətrafında olan insanlara etimad göstərmək olar. Çünki, onların hələ də başa çatdırmadığı işləri mövcuddur. On il göstərdi ki, onlar öz fəaliyyətlərində yaxşı işlərə imza atıblar və gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcəklər. Baxmayaraq ki, MŞ mütəmadi olaraq "SƏS" qəzetinə qarşı ədalətsiz mövqe tutub. Hətta mətbuatın geniş tədbirlərində dəfələrlə mən Əflatun Amaşovun fəaliyyətini tənqid etmişəm. Buna baxmayaraq tək "SƏS" qəzetinin rəhbərliyi deyil, ümumilikdə mətbuat düşərgəsi MŞ sədrinin fəaliyyətini pozitiv və müsbət qiymətləndirir".

Sonra Azərbaycan Jurnalistlərinin VI qurultayında Azərbaycan jurnalistlərin Peşə Davranışı Qaydalarına (AJPDQ) dəyişikliklər edilib. Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, AJPDQ jurnalistlərin I qurultayında qəbul edilib və o gündən bu vaxta kimi xeyli müddət keçib. Onun sözlərinə görə, əldə olunan uğurlar AJPDQ-da müəyyən dəyişiklərin yaradılması zərurətini yaradıb. M. Ələsgərli qeyd edib ki, prinsipial olaraq sənəddə əvvəlki 4 prinsip yenə də qalıb. Bunlara da Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, İnformasiya qaynaqlarına sayğılı yanaşma, Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı və Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması prinsipləri daxildir. Birinci prinsip üzrə bəndlər dəyişməyib. İkinci prinsipə iki bənd əlavə olunub ki, bunlardan birincisi, jurnalistin müstəsna hal kimi digər imkanları mövcud olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün xüsusi avadanlıqlardan və ya üsullardan istifadə edə bilməsinin mümkünlüyüdür. AJPDQ-nın ikinci prinsipi üzrə ikinci əlavə jurnalistin məlumatların və ya təsvirlərin əldə edilməsi məqsədilə hədələməyə, güc tətbiqinə və ya təhdidə yol verməməsi ilə bağlıdır. AJPDQ-da nəzərəçarpacaq dərəcədə dəyişilən "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipdir. Sənədin yeni variantında bildirilir ki, jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı və onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməməlidir. Eyni zamanda vurğulanır ki, jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.

Bu prinsip üzrə növbəti bənd, konkret olaraq 3-cü prinsipinə əlavələrdə isə bildirilir ki, cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülübsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır. Cinayət əməllərinin qurbanları öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. Seksual təcavüzlə bağlı hallarda bu qaydaya xüsusi əhəmiyyət verilməlidir. Şahidlər öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist, ictimai əhəmiyyət daşıyırsa belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. Sənəddə jurnalistin cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməli olduğu əks olunub. Həmçinin jurnalistlərə tövsiyə olunub ki, onlar zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdırlar.

4-cü prinsip birbaşa olaraq jurnalistin fərdi məsuliyyət yükünün gücləndirilməsi, onun peşə vəzifəsindən sui-istifadəyə yol verməməsi ilə bağlıdır. Əlavə edilən dəyişikliklərdə jurnalist tərəfindən AJPDQ-nın pozulmasına görə ictimai məsuliyyətdən azad edilməni nəzərdə tutan müddəa da yer alıb. Bildirilib ki, pozuntu yalnız o halda əsaslandırıla bilər ki, nəşr olunmuş müvafiq material ictimaiyyətin maraqlarına xidmət etsin. Yeni qaydalarda qeyd olunub ki, plagiat yolverilməzdir. Bundan əlavə jurnalist və kütləvi informasiya vasitəsi zərurət olmadıqca informasiya mənbələrinə pul ödəməməlidir.

Tədbirdə AJPDQ-yə edilən dəyişiklər qurultay iştirakçılarının verdiyi yekdil səslə qəbul olunub.

Sonra Azərbaycan jurnalistlərinin VI Qurultayında keçirilən səsvermə nəticəsində Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Qurultay iştirakçıları yekdilliklə Əflatun Amaşovun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, jurnalistlərin VI qurultayının iştirakçıları ilk öncə Fəxri Xiyabanda Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə