Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Almaniyanın Sülh Araşdırmaları İnstitutunun Araşdırmalar Departamentinin rəhbəri Hans-Joachim Spanger ilə İcmanın rəhbəri Bayram Səfərov, Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və İcma əməkdaşları arasında görüş keçirilib. SİA-ya verilən məlumata görə, görüşü giriş sözü ilə açan Bayram Səfərov ilk öncə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki durumu haqqında geniş məlumat verib. İcma rəhbəri münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmədiklərini qonağın diqqətinə çatdırıb. O, vurğulayıb ki, bu konflikt yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər.
Almaniyalı tədqiqatçı isə öz növbəsində bildirib ki, beynəlxalq hüquq baxımından bu münaqişənin həllində Azərbaycanı açıq şəkildə dəstəkləyirəm: "Bir sıra ölkələrdə olan erməni diaspora və lobbisi münaqişənin həlli prosesinə çətinliklər yaratsada, son dövrlərdə Azərbaycan tərəfinin diplomatik fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın açıq aşkar haqlı mövqeyi və üstünlüyü görünür. Biz bilirik ki, Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir və münaqişənin həllində hərbi yola da əl atmaq imkanı var, amma dünya ictimaiyyəti yenidən müharibənin başlanmasına imkan verməməli və münaqişənin qısa bir zamanda sülh yolu ilə həll olunmasında bütün imkanlarından istifadə etməlidir".
Sonra İcma rəhbəri Bayram Səfərov qeyd edib ki, Azərbaycan xalqı münaqişənin həllində cənab Prezident İlham Əliyevin tutduğu sülh yolunu dəstəkləyir: "Lakin hər an Ali baş komandanın əmri ilə öz doğma torpaqlarımızı düşməndən azad etməyə hazırıq. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan Dağlıq Qarabağa və Qarabağda yaşayan ermənilərə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək statusun verilməsinə hazırdır və biz də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub, orada olan ermənilərlə Azərbaycan vətəndaşı kimi birgə yaşamağa hazırıq".
Daha sonra görüş tərəfləri maraqlandıran digər sual-cavab və müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB