Vətəndaşların fəal seçki hüququnun təmin edilməsi üçün bütün lazımi işlər görülüb
Həmməruzəçilər MSK-da olublar

İyunun 12-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşüb.

Görüşdən məmnunluğunu bildirən MSK sədri M.Pənahov rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası ilə əlaqələrinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Qonaqlar ümumi seçki islahatları və qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanıblar.

Sədr M.Pənahov qonaqları ölkədəki seçkiqabağı vəziyyət barədə məlumatlandırıb və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışıb.

M.Pənahov vətəndaşların fəal seçki hüququnun təmin edilməsi üçün bütün lazımi işlərin görüldüyünü qeyd edib. O, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımların atılacağını diqqətə çatdırıb. MSK sədri, həmçinin bildirib ki, şəffaflığın tam təmin edilməsi məqsədi ilə əvvəlki seçkilərdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinə və müşahidəçilərə hərtərəfli şərait yaradılacaq.

Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın cari ildəki fəaliyyəti, həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə