Azərbaycan QHT-ləri Prezident İlham Əliyevə seçkilərdə dəstək verəcəklər. SİA-nın məlumatına görə, "QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "QHT-hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə bununla bağlı müraciət qəbul olunub.
Tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, QHT-lər Azərbaycan siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 600-dən çox QHT nümayəndəsinin Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsinin böyük əhəmiyyəti var. Əli Həsənov 2013-cü il prezident seçkilərinin də tam şəffaf, demokratik keçəcəyinə əminliyini vurğulayıb.
PA rəsmisi Azərbaycanda dövlətin QHT-lərə dəstəyindən danışıb: "Hətta bəzi dövlət qurumları var ki, dövlət tərəfindən daima dəstək almır, QHT-lər isə mütəmadi olaraq dövlətdən yardım əldə edirlər. Müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərə maliyyə dəstəyilə yanaşı, ayrı-ayrı nazirliklər tərəfindən də QHT-lərin layihələrinə maliyyə vəsaiti ayrılır".
Şöbə müdiri Azərbaycanın Dağlıq Qarabağ problemi, qaçqın və köçkünlərin problemlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı layihələrə də qrantların ayrıldığını deyərək bu işdə beynəlxalq qurumlarla birgə fəaliyyəti qeyd edib. O, eyni zamanda, bəzi beynəlxalq QHT-lərin Azərbaycanla bağlı açıqlamalarının və mövqelərinin subyektiv xarakter daşıdığını və reallığı əks etdirmədiyini vurğulayıb. Əli Həsənov bildirib ki, həmin təşkilatlar sanki islam dünyasında xaos yaradılmasına çalışırlar.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin qurulması istiqamətində müstəqilliyin 20 ilində böyük addımlar atıb. O bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsini xüsusi qeyd edib: "Ötən illər ərzində həm Bakıda, həm də regionlarda QHT-lərin bilik və bacarıqlarının artırılması, onların inkişaf proqramlarının həyata keçirilməsi, geniş layihələrin reallaşdırılmasında dövlət tərəfindən geniş dəstək göstərilib. Milli maraqların müdafiəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə QHT-ləri əhəmiyyətli layihələr həyata keçiriblər".
Qeyd edək ki, tədbirdə çıxış edən QHT rəhbərləri Azərbaycanda bu sahənin inkişafı üçün görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açaraq öz təkliflərini səsləndiriblər.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB