Politoloq: “ABŞ-ın MDİ müxalif qüvvələrə küllü miqdarda vəsait ayırırsa...” MÜNASİBƏT

Politoloq: “ABŞ-ın MDİ müxalif qüvvələrə küllü miqdarda vəsait ayırırsa...” MÜNASİBƏT

"Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan dövlətdir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyət göstərməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

E.Nəsirlinin sözlərinə görə, biz ATƏT-in üzvü olaraq Helsinki Yekun aktına imza atmışıq: "Bu aktda beynəlxalq hüququn məşhur on prinsipindən söhbət gedir. Bunlardan biri də ölkələrin daxili işlərinə qarışmamaqla bağlı prinsipdir. Belə olan təqdirdə ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyət göstərərkən ölkənin daxili işlərinə qarışması və bu baxımdan iqtidar, müxalifyönlü siyasi qüvvələrə münasibətdə onun neytral mövqedə deyil, daha çox birtərəfli mövqedə yəni müxalifət qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı xətt seçməsi təzyiq elementlərinə hesablanıb. Onlar lazım gələndə idarə olunan xaos vəziyyəti yaradırlar. Amma ilk baxışdan xaos idarə olunmayan bir vəziyyətdir. Bu dünyada heç nə havayı verilmir. ABŞ-ın MDİ Azərbaycandakı müxalif qüvvələrə küllü miqdarda vəsait ayırırsa, deməli bunun mütləq qarşılığı olmalıdır. Qarışılıq isə daha çox ölkədəki sabitliyin pozulması, vətəndaş müharibəsinin yaranması, siyasi hakimiyyətə təzyiq və digər bu kimi məsələləri özündə ehtiva edir. Azərbaycan regionda əsas söz sahibi olan dövlətdir. Biz demokratiya prinsiplərinə sadiq dövlətik. Belə olan təqdirdə, biz MDİ-nin həm beynəlxalq hüquq, həm də fəaliyyət göstərdiyi ölkənin qanunları çərçivəsində fəaliyyət qurmasının tərəfdarıyıq. Amma bu fəaliyyətdən kənar, Azərbaycanın hüquqlarına, konstitusiyasına zidd fəaliyyət arzuolunan deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə