Kanal S-in binası qarşısında konsert keçirilib

Kanal S-in binası qarşısında konsert keçirilib

Həmişə özünün möhtəşəm layihələri ilə tamaşaçılarının rəğbətini qazanan Kanal S növbəti uğurlu addımını atıb. SİA-ya verilən məlumata görə, Kanal S-in binası qarşısında möhtəşəm konsert proqramı keçirilib. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən və aparıcıları xalq artisti Həmidə Ömərova, əməkdar artist Azad Şükürov, Kanal S-in simaları Elvin Abdulxalıqov və Sədaqət Məmmədzadə olan konsert ilk dəqiqələrdən böyük coşqu ilə qarşılanıb.

Proqramında bir çox tanınmış müğənnilər Lətifə Soyuöz, Günay İbrahimli, Murad sadıq, S-Twins, Roza Zərgərli, İmruzə Hüseynova, Eldəniz İsrailov, Mehriban Mustafayeva, Vüqar Hüseynov, Pərvin Piranov gələnlərə xoş anlar yaşadıblar. 3 saat davam edən proqram boyunca müğənnilərin bütün çıxışları Şəkinin 20 yanvar küçəsi boyunca toplaşmış tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb və alqışlar sona qədər davam edib.

Konsertdə Kanal S-in xüsusi qonağı, 2010-cu ildə Gürcüstanı Avroviziya mahnı müsabiqəsində təmsil etmiş Sofia Nijaradze də iştirak edib. O, repertuarındakı mahnıları canlı ifa edib. Sofianın mini konserti tamaşaçılarda xoş əhval ruhiyyə yaradıb.

Sofia Nijaradze konsertdən sonra Kanal S-ə verdiyi müsahibəsində belə publika qarşısında çıxış etməkdən qürur duyduğunu bildirib: "Tamaşaçılarınızı bəyəndim. Onların baxışlarından musiqini necə hiss etdiklərini duydum. Bu da mənə oxumağa əlavə stimul verirdi".

Tək Şəki yox, ətraf rayonlardan gəlmiş tamaşaçılar da konsertdən çox razı qalıblar.

10 may tarixində Kanal S həyata keçirdiyi tədbirlərlə tamaşaçılar və şəhər əhalisinə unudulmaz anlar bəxş edə bilib. Canlı yayımlanan konsert proqramı isə bu anları uzun müddət yaddaşa həkk etdirəcək.

Bir sözlə, hər zaman telekanallar arasında öz yenilikləri ilə fərqlənən Kanal S möhtəşəm 3 saatlıq konsert təşkil etməklə daha bir yeniliyə imza atmış oldu. Kollektivimizin uzun hazırlığının belə uğurla yekunlaşması, tamaşaçılarımız tərəfindən rəğbətlə qarşılanması, çəkilən əməyimizə verilən ən yüksək qiymətdir. Bu il həm də 5 illik yubileyini qeyd edəcək Kanal S il boyu bu cür xüsusi tədbirləri davam etdirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə