Heydər Əliyevin anadan olmasından 90 il ötür YENİLƏNİB-FOTOLAR

Heydər Əliyevin anadan olmasından 90 il ötür YENİLƏNİB-FOTOLAR

Tarixi şəxsiyyətlər yazır. Bu artıq danılmaz, isbata ehtiyacı olmayan faktdır. Belə şəxsiyyətlərdən biri də xalqımızın dahi oğlu, Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir. Onun memarı olduğu Azərbaycan dövləti düşmənlərin qurduğu tələlərə, pis niyyətli cəhdlərinə baxmayaraq, ildırım sürətilə dünya dövlətləri sırasına daxil olub özünə layiqli yer tutdu. Bu dahi siyasətçinin, böyük şəxsiyyətin rəhbərlik etdiyi dövr tarixə və yaddaşlara qızıl hərflərlə yazıldı. Eyni zamanda Ulu Öndərin fəaliyyəti, vətənpərvərliyi nəticəsində, onun adı dünyanın görkəmli şəxsiyyətlərinin sıralarına qızıl hərflərlə həkk olundu. Bu gün təkcə respublikamızda deyil, əksər dünya ölkələrində anadan olmasının 90 illiyi qeyd edilən Ulu Öndərin titanik fəaliyyətinə qısaca nəzər saldıqda hər şey aydın görünür. Fəaliyyətində bəzi məqamlara diqqət yetirmək kifayətdir ki, Azərbaycanın bu dahi oğlunun nə qədər böyük şəxsiyyət olduğunu görə biləsən...

Bu gün dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasından 90 il ötür. Hər il olduğu kimi, bu il də Fəxri Xiyabana gələnlərin ardı-arası kəsilmirdi. Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncədən görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırıb, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, dövlət başçısı Ulu Öndər Heydər Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub. Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb. Ziyarət axşam saatlarına qədər davam edəcək.

Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə