“ATƏT ölü doğulmuş uşaqdır”

Qüdrət Həsənquliyev: “Joao Suareşin diqqətinə çatdırdım ki, ATƏT hər zaman Dnestryanı, Abxaziya və Cənubi Osetiya problemlərinin Moldova və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulasa da, Azərbaycana münasibətdə eyni mövqeni sərgiləmir”
“ATƏT ölü doğulmuş uşaqdır”

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşlə Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri arasında görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi, seçkiqabağı vəziyyət və digər məsələlər müzakirə olunub. SİA-nın məlumatına görə, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.

BAXCP sədri qeyd edib ki, uzun illər ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir irəliləyişin baş verməməsi ATƏT-in nüfuzuna ciddi xələl gətirib: "Joao Suareşin diqqətinə çatdırdım ki, ATƏT hər zaman Dnestryanı, Abxaziya və Cənubi Osetiya problemlərinin Moldova və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulasa da, Azərbaycana münasibətdə eyni mövqeni sərgiləmir. Halbuki Abxaziya və Cənubi Osetiya Gürcüstana, Dnestryanı ərazi isə Moldovaya sonradan birləşdiriliblər. Dağlıq Qarabağ isə tarix boyu Azərbaycanın ərazisi olub. Bu baxımdan, ATƏT ilk növbədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirməlidir. Məhz bu səbəbdən, Azərbaycan ictimaiyyətinin əhəmiyyətli hissəsində belə bir rəy formalaşıb ki, ATƏT-in bu münasibəti Azərbaycanın müsəlman ölkəsi olması ilə bağlıdır. Joao Suareşə dedim ki, ATƏT-in siyasətini müəyyənləşdirən dövlətlər münaqişənin həllini uzatmaqla, işğalçıya dəstək, işğala məruz qalana isə təzyiq yolunu seçməklə Azərbaycanın nə zamansa bezərək öz torpaqlarından imtina edəcəyini gözləyirlər. Son olaraq, ATƏT-in ölü uşaq kimi doğulduğu barədə fikirlərin həqiqət olduğunu xüsusi nümayəndəyə bir daha xatırlatdım".

Qeyd edək ki, parlamentdə təmsil olunmayan partiyalardan görüşdə yalnız Müsavat Partiyası və AXCP-nin rəhbərləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə