SİA Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Şura üzvü Vüsalə Niftəliyevanın Ümummilli lider Heydər Əliyev haqqında yazdığı "90 ilin silinməz izləri..." məqaləsini sizlərə təqdim edir:
"Xalq öz içindən olan bir kəsi yalnız bu qədər qəbul edib və bağrına basa bilərdi. Şəxsiyyət kəliməsinin zirvəsində dayanan bu şəxs heç bir zaman bizə xalqdan biri olduğu hissini unutdurmadı. Çünki Heydər Əliyev qəlbində bir Azərbaycan sevgisi daşıyırdı. O Azərbaycan ki, öncə onu kənardan sonra isə içindən qorudu və bu gün də qoyduğu izlə qorumağa davam edir. Ulu Öndər vətənimizin bütün övladları ilə, uşaqları ilə uşaq, gənci ilə gənc, yaşlısı ilə həmyaşıd ola bilirdi. Hər zaman onun bizdən biri olduğunu hiss etdik və qürurlandıq. Bu gün də qürurlanırıq... memarı olduğu müasir Müstəqil Azərbaycanın yüksələn inkişaf yolunun şahidi olanda...
Heydər Əliyev özünə xas olan müdrikliklə, uzaqgörənliklə başa düşürdü ki, bir dövlət olaraq azadlığı və siyasi müstəqilliyi olmayan xalqın milli ruhunu oyatmağın ən səmərəli yolu onun iqtisadiyyatını yüksəltməkdir. Çünki yaxşı dərk edirdi ki, iqtisadi güc bir xalq üçün qolundakı qüvvətdir. Məhz bu məqamda Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamını xatırlatmaq istəyirəm. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ulu öndər Heydər Əliyevə nəsib oldu.
Belə olanda xalqın özünə inamı artır, özünü ifadə etmək arzusunu daha geniş şəkildə ortaya qoymaq qüvvəsinə sahib olur. İqtisadi inkişafla yanaşı, milli ruhu yüksəltməyə müsbət təsir göstərən mədəni-mənəvi intibah meyilləri də müstəqillik məfkurəsinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. Müstəqillik isə bir xalqın dərindən aldığı nəfəsdir və heç bir xalq müstəqil olmadan tam olaraq dərindən nəfəs ala bilmir. Xalqını hər bir şeydən üstün tutan və məhz xalqı üçün yaşayan Heydər Əliyev bütün canı və qanı ilə bu məfkurənin reallaşmasına səy göstərdi, ömrünü onun gerçəkləşməsinə sərf etdi. Etdi ki, hər bir Azərbaycan övladı, gənci vətəninin yerini hər hansısa bir dövlətin tərkibində deyil, başqa dövlətin adı ilə deyil, müstəqil, öz sərhədləri ilə əhatələnmiş, Müstəqil Azərbaycan Respublikası adı ilə təqdim edə bilsin və bu şərəfi yaşama haqqı olsun. Bu gün hər bir addımda bizlər Heydər Əliyevi anırıq. Bunu bilərəkdən deyil, hər bir uğur, nəaliyyət özü özülüyündə bizə Ulu Öndəri andırır. Çünki zamanında əlində yenicə müstəqilliyə qədəm qoymuş Azərbaycan xəritəsi ilə dünyanı dolaşaraq ölkəmizi tanıtmağa səy göstərən, imzaladığı müqavilələrlə ölkəmizin iqtisadiyyatını yüksəlişə doğru aparan şəxsin sayəsində bizlər bu gün müstəqil, güclü, inkişafa doğru gedən Azərbaycandan bəhs edə bilirik.
Heydər Əlieyv hər bir gəncə aşıladı ki, Azərbaycanı bütövlükdə sevmək, hörmət etmək lazımdır. Hər bir daşını, torpağını, şairini, yazarını, ləhçəsini, musiqisini... hər bir nemətini qorumaq lazımdır və bunu bizə öz simasında nümayiş etdirdi. Məhz Heydər Əliyev 30 ildən sonra uzaq Sibirdən Cavidin cənazəsini torpağa gətirib, onu yenidən bizə qovuşdurdu, dünyaya şairinə qoyduğu dərin hörməti nümayiş etdirərək sahibləndi, məhz Heydər Əliyev "Azərbaycan" şeirini oxuyarkən gözləri dolaraq bizə vətən sevgisinin ürəyin dərinliyindən gəldiyini anlatdı, məhz Heydər Əliyev sadə vətəndaşının xoş günündə qol qaldırıb oynayaraq cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq millətinin hər bir bir üzvünə göstərdiyi dərin sevgini nümayiş etdirə bildi... və yalnız O insan bizə insanlığın malik olduğu ali hisləri həyatı boyu öz simasında aşıladı...
Azərbaycan xalqının ümummilli lideri olmaqla bərabər Heydər Əliyev bütövlükdə türk dünyasının birləşməsi ideyasının gerçəkləşməsi uğrunda mübarizəyə öndərlik etmiş bir şəxs olaraq müasir Türk Dünyasının ən böyük, dahi şəxsiyyətlərindən biri kimi adını qızıl hərflərlə tarixə yazdı və "nə mutlu türküm diyene" ifadəsini şüuruna yerləşdirən hər bir türkün qəhrəmanına çevrildi.
Azərbaycanın hər bir övladı sabahını nurlu şəfəqlə açır - Heydər Əliyevin bizə miras qoyduğu Azərbaycan günəşinin şəfəqləri ilə... Bax bu şəfəqlər 90 illik parlaq yola işıq salır...
Heydər Əliyev 90 illlik həyatında vətənimizin ən böyük zirvəsini qət etdi... Azərbaycan xalqının qəlbini... və bu gün də hər doğulan körpənin qəlbində yenidən doğulur Heydər Əliyev sevgisi... Daim yaşa, bizi yaşadan ULU ÖNDƏR HEYDƏR ƏLİYEV!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB