“Heydər Əliyev 90” inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib YENİLƏNİB-FOTOLAR
Bu gün Gülüstan sarayında "Heydər Əliyev 90" inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev və digər qonaqlar iştirak edib. Mərasimə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə start verilib.
Mərasimdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov deyib ki, təhsil sahəsində insan kapitalının inkişafı əsas məsələlərdən biridir: "Heydər Əliyevin banisi olduğu Azərbaycan dünya dövlətləri arasında öz rolunu və mövqeyini daha gücləndirib. Təhsil sistemindəki bəzi problemlər qarşıda duran məsələlərin həllini çətinləşdirir. Təhsildəki neqativ hallar gənc nəslin sağlam yetişdirilməsinə mənfi təsir göstərir. Nazirlik əsas diqqətini təhsil sahəsindəki qanun pozuntularına şərait yaradan və onları doğuran səbəblərin aradan qaldırılmasına yönəltmək niyyətindədir. Bunun yeganə həll yolu problemlərin sistemli həll olunmasıdır. İlk növbədə, mövcud vəziyyəti doğuran səbəblər müəyyənləşdirilməlidir. Onların aradan qaldırılması üçün effektiv vasitələr tapılmalı və məqsədə uyğun kompleks tədbirlər hazırlanmalıdır".
Bildirilib ki, hazırda dünya qaydalarına əsasən, 11-ci sinfi bitirən və illik qiyməti qeyri-kafi olan şagirdlər ümumtəhsil məktəblərində buraxılış imtahanlarına buraxılmırlar: "Eyni zamanda, imtahana buraxılan şagirdlər hər hansı fəndən "2" qiymət adığı təqdirdə attestat almaqdan və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd vermək hüququndan məhrum olurlar. Statistikaya görə, 2009-cu dərs ilində şagirdlərin ümumi sayının 22 faizi, 2011-ci ildə 24 faizi, 2012-ci ildə isə 10.5 faizi attestat almayıb. Heç kəsə sirr deyil ki, yekun olaraq "2" qiymət alanlara attestatın verilməsi yerlərdə sui-istifadə hallarına yol açan amillərdəndir. Attestat məzunun biliyinin göstəricisidir. Bu məsələnin böyük ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, nazirlik tam orta məktəb təhsil səviyyəsini bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarıdır".
Sonra Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, Heydər Əliyevin doğum günü ilə əlaqədar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədini güdən yazı inşa müsabiqəsi Azərbaycanda keçirilən ən kütləvi, çoxsaylı yazı müsabiqələrindən biri sayıla bilər: "Eyni zamanda, vurğulamaq istəyirəm ki, Heydər Əliyev zəngin irsinin məktəblərdə şagirdlərimiz tərəfindən öyrənilməsi kifayət qədər böyük siyasi məna daşıyır. Hər bir siyasətin, dövlətin gələcəyi gənclərlə bağlıdır. Gənclərin həm yüksək biliklərə yiyələnməsi, həm də vətəndaş olaraq yetişməsi dövlətçilik məfkurəsi və təfəkkürün onlarda formalaşması bizim hər birimizin istər dövlət, istərsə də vətəndaş olaraq qarşımızda dayanan ən mühüm vəzifələrdən biridir. Heydər Əliyevin zəngin irsinin öyrənilməsi (xüsusilə də gənclər tərəfindən) gənclərimizdə dövlətçilik məfkurəsinin formalaşmasını və onlarda vətənpərvər gənc nəsil olaraq yetişməsinə bilavasitə kömək edir. Heydər Əliyevin zəngin irsi bir yandan Azərbaycanda dövlətçilik məfkurəsinin formalaşması ideyalarını özündə əks etdirir, digər tərəfdən isə vətəndaş cəmiyyətinin formalaşması ideyaları özündə ehtiva edir. Xüsusilə qeyd etmək istəyirəm ki, 7 il ərzində keçirilən müsabiqədə yüz minlərlə Azərbaycan məktəbləri iştirak edib. Heydər Əliyevin zəngin irsinə gənclər tərəfindən göstərilən münasibət onların, eyni zamanda Azərbaycanın dövlətçiliyinə olan marağın vətəndaş kimi formalaşmasının bariz ifadəsidir".
İcra katibi Əli Əhmədov sözlərinə əlavə edib ki, partiyanın qərarına əsasən, müsabiqədə I, II və III yer tutanların hər biri ali məktəbə daxil olduqları təqdirdə təhsil aldıqları 4 il müddətində ayda 50 manat məbləğində pul veriləcək.
Daha sonra Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev, Rabitə və informasiya texnologiyaları nazir müavini Elmir Vəlizadə və digərləri çıxış edərək Heydər Əliyevin zəngi irsinin öyrənilməsi istiqamətində təhsilin rolundan danışıblar.
Mərasimin sonunda qaliblərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, tədbir Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığı ilə baş tutub.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB