“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”

“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" mövzusunda sərgi bu dəfə Fransanın Bordo şəhərində təşkil olunub.

Bordo 1986-cı ildən Azərbaycanın paytaxtı Bakının qardaş şəhəridir. Bordo Fransanın və dünyanın ən gözəl şəhərlərindən biri hesab olunur. Məhz buna görə də "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" sərgisi bu şəhərdə təşkil edilib.

Fransanın cənub-qərbində tarixi Akiten vilayətinin və hazırda Jeron departamentinin mərkəzi sayılan Bordo Qaron çayının sahilində yerləşir. Doğurdan da gözəlliyi və füsunkarlığı ilə könülləri fəth və özünə heyran edən 300 minə yaxın əhalisi olan Bordo ilə fransızlar qürur duya bilərlər. Dünyada bu şəhərin adı əlbəttə ki, məşhur şərabları ilə bərabər çəkilir. Bordo arxitekturası, mədəniyyət ocaqları və mərkəzləri ilə də tərifə layiq şəhərdir.

Latınca "burdiqalı" adlandırılan Bordonun əhalisi elə biz - azərbaycanlılar kimi həm istiqanlıdır, həm də sənətə, mədəniyyətə və incəsənətə diqqət yetirəndir. Bu mənada onlar üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Reyms şəhərində açılışını etdiyi "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" sərgisi əsl hədiyyə olub. Elə bunun nəticəsi idi ki, bordolular Azərbaycanın xalçalarına, musiqi alətlərinə, milli geyimlərə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlara böyük maraq göstəriblər.

Sərginin açılışında Bordo şəhər merinin birinci müavini Didye Kazabon, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Heydər Əliyev Fondunun Azərbaycanı Fransanın regionlarında tanıtmaq məqsədi ilə həyata keçirdiyi bu layihəni yüksək qiymətləndiriblər. Onlar Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban xanım Əliyevaya bu uğurlu təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.

Bordonun dünyada məşhur olan Femina teatrı bu dəfə Azərbaycan mədəniyyətinin bənzərsiz xüsusiyyətlərinə şahidlik edib.

Hər zaman olduğu kimi incəsənət ustalarımız Azərbaycan mədəniyyətinin, musiqisinin nə qədər zirvələrdə olduğunu çıxışları ilə bir daha sübut ediblər. Özü də bu dəfə Xalq Artisti Yeganə Axundovanın rəhbərlik etdiyi Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Fuad İbrahimovun dirijorluğu ilə məharətini fransız tamaşaçısına yüksək səviyyədə nümayiş etdirib. Əslində, bu mədəniyyət tədbiri Bordoda əsl hadisəyə çevrilməklə Azərbaycan mədəniyyətinin Avropa tamaşaçısına bir ərməğanı olmuşdur. Janr müxtəlifliyinin, zəngin improvizasiyaların bol olduğu bu konsert proqramı diqqəti bir daha Azərbaycana yönəldib. Bu gecədən təəssüratlar kifayət qədər zəngin olub və özünəməxsus ovqatı ilə seçilən Azərbaycan mədəniyyətinə hörmətin nümunəsinə, həm də Bordo tamaşaçısında heç vaxt unudulmayacaq xatirəyə çevrilib.

Konsertə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Bayram rəqsi" ilə yekun vurulub.

Tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşən hər bir müsahib bu möhtəşəm layihəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bu, həqiqətən də Azərbaycanın Fransaya və Bordo şəhərinə etdiyi qeyri-adi və gözəl bir hədiyyədir, - deyən Bordo şəhər merinin birinci müavini Didye Kazabon vurğulayıb ki, gözəl sərgidən sonra möhtəşəm konsertə baxmaq çox təsirləndiricidir. Bu fürsətə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

Beləliklə, "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihə Bordo şəhərində də uğurla həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə