Siyavuş Novruzov: "Hər nə fikir demişəmsə arxasındayam” AÇIQLAMA

"Müxalifətin yaratdığı təşkilatların heç bir perspektivi yoxdur"
Siyavuş Novruzov: "Hər nə fikir demişəmsə arxasındayam” AÇIQLAMA

Mənim səsləndirdiyim hər bir söz, fikir həqiqətdir. Müxalifət mətbuatının əsas məqsədi iqtidar nümayəndələrinə qara yaxmaq, şər, böhtan yağdırmaqdır. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son vaxtlar müxalifət mətbuatında onun haqqında yazılanlara və verilən açıqlamalara münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, müxalifət mətbuatı onun fikirlərini təhrif olunmuş və dəyişdirilmiş formada verir: "Müxalifət mətbuatının taktikası fikirləri təhrif etmək, kiminsə demədiyi fikirləri onun adından yazmaqdır. Bu da aydın məsələdir, yəni onların xisləti belədir. Ona görə də, konkret olaraq hər nə fikir demişəmsə onun arxasındayam".

Bundan başqa S.Novruzov vurğulayıb ki, müxalifət mətbuatının bu taktikası uzun illərdir davam edir: "Hərdən görürüsən ki, açıqlamada və yaxud müsahibədə ortadan bir fikir çıxarılıb. Yaxud da başqa şəkildə verilib. Yəni onların təhrifləri nəticəsində yazının mahiyyəti itib, söylənənlər kənarda qalır. Bundan əlavə açıqlamadan və yaxud müsahibədən elə bir fikri çıxarıb elə şəkildə verirlər ki, qətiyyən məzmuna uyğun gəlmir. Yaxud da sərlövhəyə elə bir fikir çıxarırlar ki, məzmunla uzlaşmır. Onlar bu taktikadan istifadə edərək böhtan atmaqla məşğuldurlar. Amma yersizdir, oxucu yazı ilə tanış olduqdan sonra görür ki, mahiyyət tamailə başqadır".

YAP icra katibinin müavini bununla yanaşı İsa Qəmbərin müxalifət mətbuatında səsləndirdiyi "Qərb ölkələri, hətta hakimiyyətdə olan bəzi məmurlar bizə dəstəkləyir" kimi cəfəng fikirlərinə də münasibət bildirib: "İsa Qəmbər 25 ildir eyni fikirləri səsləndirir. Onun başqa bir söz deməsi təəccüblü olardı. Ümumən müxalifətin yaratdığı təşkilat və partiyaların perspektivi yoxdur. Onların özü də başa düşür ki, bu seçkilər onlar üçün son seçkilərdir və bundan sonra onlar tarixin arxivinə gedəcəklər. Artıq Azərbaycanda yeni nəsil formalaşıb və bu yeni nəsil onları qəbul etmir. Onların 20 ildən artıq eyni düşüncə tərzinə malik olması, bir addım belə irəli gedə bilməməsi, bir təşkilatdan digərinə keçmələri, iki aydan bir yeni təşkilat yaratmalarının özü qeyri-ciddi və anormal haldır. Bu baxımdan onların özü də artıq bunu dərk edirlər. Ancaq onların boş bəyanatları və vədləri ətrafında olan insanları heç olmasa seçki dövrünə qədər saxlamağa hesablanıb. Hesab edirəm ki, onların bu hərəkətləri əbəs yerədir. Onlar ömrü boyu iqtidara gələ bilməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə