Elmar Məmmədyarov Fələstinin baş naziri ilə görüşüb

Elmar Məmmədyarov Fələstinin baş naziri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin Baş naziri Salam Fayad ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın xarici işlər nazirini salamlayan Fələstinin Baş naziri Salam Fayad, Fələstinin Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət və dəyər verdiyini vurğulayıb.

Fələstinin Baş naziri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanı yaxın dost və qardaş ölkə adlandıraraq, müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın beynəlxalq arenada Fələstinə dəstəyini davam etdirəcəyini qeyd edərək, ölkəmizin Yaxın Şərq regionunda münaqişənin tezliklə öz həllini tapmasında maraqlı olduğunu vurğulayıb. Azərbaycanın münaqişənin iki dövlət və Fələstinin paytaxtı Şərqi Qüdsün olması prinsipi ilə həllinin tərəfdarı olduğunu bildirib.

Azərbaycanın xarici işlər naziri ölkəmizin Fələstinlə bir çox sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlıq perspektivinə toxunaraq, fələstinli tələbələrin Azərbaycanda təhsil alması üçün tərəfimizdən lazımi dəstəyin verildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Sözügedən dəstəyin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də həyata keçirildiyi bildirilib.

Daha sonra Yaxın Şərq regionunda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, nazir Elmar Məmmədyarov qarşə tərəfə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat vermiş və bu münaqişənin haqlı və ədalətli həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə