Elman Abdullayev: “Nazirin Təl-Əviv və Ramallahda bir sıra görüşləri planlaşdırılıb”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə qarşıdakı səfəri zamanı ölkənin bu regionla gələcək münasibətlərini müzakirə edəcək. Bunu jurnalistlərə keçirdiyi mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərqdə baş verən hadisələri izləyir və həmişə bu regiona böyük diqqətlə yanaşıb. XİN rəhbərinin regiona səfəri çərçivəsində nazirin Təl-Əviv və Ramallahda rəsmi şəxslərlə bir sıra görüşləri planlaşdırılıb", - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, Fələstin xalqına dəstəyin göstərilməsi məsələsi həmişə rəsmi Bakının diqqət mərkəzində olub: "Bizim bu məsələ üzrə mövqeyimiz dəyişməzdir. Biz, Fələstini bütün beynəlxalq təşkilatlarda dəstəkləyirik".
E.Abdullayevin sözlərinə görə, nazirin səfəri zamanı hər hansı ikitərəfli sənədin imzalanması planlaşdırılmır: "Bundan başqa, hazırda Azərbaycanın Təl-Əviv və ya Ramallahda səfirliyinin açılması ilə bağlı heç bir qərar yoxdur".
Qeyd edək ki, Elmar Məmmədyarov aprelin 21-də rəsmi səfərlə Yaxın Şərq regionuna yollanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB