Musa Quliyev: “VHP-nin bəyanatı kifayət qədər əssasızdır” MÜNASİBƏT

Musa Quliyev: “VHP-nin bəyanatı kifayət qədər əssasızdır” MÜNASİBƏT

"Düşünürəm ki, bu bəyanat kifayət qədər əssasız bir bəyanatdır və müxalifət həmrəyliyindən o tərəfə keçmir". Bunu SİA-ya millət vəkili Musa Quliyev Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının ölkədəki son siyasi hadisələrlə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda siyasi fəaliyyətinə görə kimisə təqib etmək, həbs etmək, eləcə də kimisə ayrı-seçkilik mövqeyinə qoyulması halları mövcud deyil və heç buna ehtiyac, zərurət də yoxdur: "Çünki Azərbaycan elektoratının tam böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasını (YAP) və ölkə iqtidarını dəstəkləyir. Digər tərəfdən Azərbaycanın qanunları bütün vətəndaşlarının hüquqlarını, o cümlədən də müxalidətdə olan insanların haqlarını qoruyur. Adı çəkilən şəxslərin saxlanması ilə bağlı məsələyə gəlincə, deyə bilərik ki, onlar barəsində araşdırmalar davam etdirilir. Hətta onların günahkar olub-olmaması ilə bağlı məhkəmə özü son qərarını verəcək. Hər gün Azərbaycanda bu və ya digər səbəblərdən xeyli insan saxlanılır. Hətta yüzlərlə insan məhkəmə qərarına qədər istintaq altında saxlanılır. Bunların saxlanılması isə hər hansı bir siyasi fəaliyyətinə və yaxud QHT, müəyyən icmaların nümayəndəsi olmasına görə deyil. Bunlar konkret olaraq törətdikləri və şübhələndikləri cinayət əməlinə görə saxlanılır".

Siyasi mənsubiyyətinə görə, kiminsə saxlanılmasına gəlincə, Musa Quliyev deyib ki, VHP Azərbaycan Milli Məclisində çoxsaylı deputatla təmsil olunan müxalifət partiyasıdır: "Hətta adı çəkilən bu partiya ana müxalifət partiyası (AMP) da sayıla bilər. Əgər Azərbaycan hökümətinin, iqtidarının siyasi motivlər çərçivəsində basqısı olsaydı elə bu, ilk növbədə VHP-nın üzvlərinə qarşı reallaşdırılardı. Çünki parlamentdə ən çox millət vəkili ilə təmsil olunan, çoxluq təşkil edən partiya məhz VHP-dir. Əgər burada kiminsə günahı varsa, o da adekvat olaraq öz cəzasını çəkəcək. Axı, necə ola bilər ki, İsmayıllı hadisələrinə görə, VHP cəmi iki nəfər haqqında fikir söyləyir, qalanları haqqında yox? Azərbaycan hüquq-mühafizə orqanlarının əsas vəzifəsi odur ki, məhz ölkədə siyasi sabitliyi bərqərar etsin. Hesab etmirəm ki, bu bəyanat bu günki Azərbaycan ictimai-siyasi həyatının ab-havasına uyğun bir bəyanatdır".

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası ölkədəki "son siyasi təzyiqlərlə" bağlı bəyanat qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə