Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar keçirdiyi tədbirlər planı çərçivəsində partiyanın Gənclər Birliyi yeni layihəyə start verib. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin Bakıya səfər edərək Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə dair müxtəlif mənbələrlə tanış olması, bu istiqamətdə bir sıra ziyarətlərin həyata keçirilməsi və görüşlərin təşkil edilməsi nəzərdə tutulub.
Bu gündən başlanan layihə çərçivəsində gənclər ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər Xiyabanına gələn gənclər Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Daha sonra gənclər Heydər Əliyev Fondunda olublar. Ziyarətçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Fond Ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir. Gənclər Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər. Ziyarətçilər Ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə də baxıblar.
Bundan sonra isə Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub, Mərkəzin fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verilib.
Sonda isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Milli Məclisin Sədr müavini Bahar Muradova ilə görüşüblər. Milli Məclisin Sədr müavini görüş çərçivəsində gənclərə Ümummilli lider Heydər Əliyevin irsi ilə əlaqədar geniş məlumatlar verib və diskussiya formasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB