Rufiz Qonaqov: “Demokratiya və aşkarlıqdan danışan təşkilatlar özləri buna əməl etməlidirlər”
QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqovun SƏS TV- yə müsahibəsi:
- Hal-hazırda QHT əməkdaşlıq Alyansı hansı işləri görür?
- QHT əməkdaşlıq Alyansı 2011-ci ilin 8 iyul tarixində yaranıb. 20-dən artıq QHT-nin təsisçiliyi ilə yaranan QHT Əməkdaşlıq Alyansının indi 53 üzv təşkilatı var. Bununla yanaşı xarici təşkilatlarla da sıx əməkdaşlıq edirik. Bundan əlavə ölkəmizin beynəlxalq imicinin dünyada daha da möhkəmlənməsi istiqamətində müəyyən işlər aparırıq. Paralel olaraq qarşıdan gələn prezident seçkiləri ilə bağlı monitorinqlərə də başlamışıq. Monitorinqlər ilk olaraq siyasi partiyalardan başlayıb. Bu proses mərhələli olaraq davam edəcək.
- Son zamanlar Beynəlxalq QHT-lərin Azərbaycanda fəaliyyəti gündəmdədir. Çünki bir çox beynəlxalq QHT-lərin azərbaycandakı fəaliyyəti qeyri-şəffafdır. QHT əməkdaşlıq Alyansı rəhbəri olaraq bu fəaliyyət haqqında nə deyə bilərsiniz?
- Bu gün Azərbaycanda fəaliyyət göstərən çoxlu sayda beynəlxalq donorlar var. Lakin bir çox hallarda onların fəaliyyəti şəffaf olmur. Yəni aşkarlıq prinsiplərinə əməl etmirlər. Əgər həmin təşkilatlar demokratiyadan, aşkarlıqdan danışırlarsa ilk növbədə özləri buna əməl etməlidirlər. Azərbaycanda fəaliyyət göstərən donor təşkilatlara müraciət qəbul etmişik. Amma müraciət qəbul olunan zamandan başalayaraq bu müraciət həmin təşkilatların xoşuna gəlmədi. Bu gün isə Azərbaycan mətbuatı bunun səbələrin açıq şəkildə ortaya qoydu. Azərbaycan mətbuatı açıq şəkildə bəyan etdi ki, Milli Demokratiya İnstitutu ölkəmizdə gəncləri itaətsizliyə çağırır. Bu hal çox acınacaqlıdır. Hesab edirəm ki, MDİ kimi bir çox ölkələr də fəaliyyət göstərən institutun Azərbaycanda belə fəaliyyəti təsdiq olunsa onun imicinə böyük zərbə olacaq. QHT əməkdaşlıq Alyansı olaraq da belə halları pisləyirik.
- Xaricdən maliyyələşən yerli QHT-lərin ölkənin inkişafındakı xidmətləri nə dərəcədə məntiqə uyğundur. Onların aldıqları maliyyənin qarşılığında həmin təşkilatların xaricdən asılılığı yaranmırmı?
- Azərbaycan demokratik bir ölkədir. Biz özümüzdə elan olunmuş beynəlxalq layihələrdə iştirak edirik. Yaxın vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət dəstəyi şurası da xarici ölkə QHT-ləri üçün belə bir layihələr elan edəcək. Azərbaycana yanaşmada ikili standartlar var. Həmin qərəzli beynəlxalq təşkilatların bir çoxu Azərbaycanla bağlı çox qərəzli bir mövqe nümayiş etdirirlər. Hesab edirəm ki, bu münasibət gülünc doğurur. Bu kimi məsələlər də bu təşkilatlarla Azərbaycan arasındakı münasibətlərə xələl gətirir.
- QHT-lərlə bağlı qanuna edilən dəyişikliklər QHT-lərin inkişafına stimul verəcəkmi? Bu dəyişikliklərdə hər hansı bir çatışmamazlıq varmı?
- Bəzi QHT-lərin hesabatları qeyri-şəffaf idi. Bu hesabatlarda, əsasən xaricdən alınan vəsait lazımı səviyyədə göstərilmirdi. Bu səbəbdən də QHT-lərlə bağlı qanuna dəyişikliklər edildi. Qanunun tələbi odur ki, alınan vəsaitlər açıq şəkildə həmin maliyyə hesabatlarında göstərilsin. Əgər o təşkilatın fəaliyyətində bir nöqsan yoxdursa bu hesabatların verilməsində də hər hansı bir problem ola bilməz. Hesab edirəm ki, hər bir QHT bu hesabatların verilməsində maraqlı olmalıdır. Qanuna edilən düzəlişlər isə yerində edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB