YAP Nizami rayon təşkilatı silsilə tədbirlərə start verib

YAP Nizami rayon təşkilatı silsilə tədbirlərə start verib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü qeyd olunur: "Ulu öndərin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir. Bu mənada YAP Nizami rayon təşkilatının da zəngin tədbirlər planı var".

Sədaqət Vəliyeva qeyd edib ki, aprel ayının ilk həftəsindən başlayaraq, may ayınadək silsilə tədbirlər keçiriləcək: "Rayon məktəbliləri arasında basketbol, həndbol, rəsm, şahmat və şeir yarışları keçiriləcək. Eyni zamanda, rayonun azyaşlı uşaqları üçün "Sağlam gələcək naminə" tibbi aksiya keçiriləcək, onların diş və ümumi müayinəsi olacaq. Həmçinin, rayon ağsaqqalları arasında dama, domino və nərd yarışları təşkil ediləcək. Ümumrayon iməciliyi və ayrı-ayrı məhəlli təşkilatlarla birgə ağacəkmə aksiyaları olacaq. Bununla yanaşı, rayon gənclərinin flaşmob aksiyası keçiriləcək, təşkilatın nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin növbəti mühazirəsi və gənclər arasında brey-rinq yarışı olacaq, idmançılar arasında müxtəlif idman növləri üzrə yarışlar və digər tədbirlər təşkil ediləcək".

İclasda çıxış edənlər bildiriblər ki, zəmanəmizin görkəmli şəxsiyyətlərindən biri olan dahi rəhbər Heydər Əliyevin əbədiyaşarlıq qazanmış xatirəsi əsrlər boyu yaddaşlarda yaşayacaq, Onun gördüyü işlər öz dəyərini qoruyub saxlayacaq, Azərbaycan var olduqca, Ulu öndər Heydər Əliyevin də xatirəsi yad ediləcək.

İdarə Heyətinin iclasında, həmçinin, Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsində partiya rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələr də diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə