Mübariz Qurbanlı: “Davos İqtisadi forumu ölkəmiz üçün ikiqat əhəmiyyətlidir”

Mübariz Qurbanlı: “Davos İqtisadi forumu ölkəmiz üçün ikiqat əhəmiyyətlidir”

"Bu cür forumların keçirilməsi dünya iqtisadiyyatındakı vəziyyəti aydınlaşdırmaq, öyrənmək, fikir mübadiləsi aparmaq, təbliğ və təşviq etmək baxımından xüsusi əhəmiyyətlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu ilin aprel ayında Bakıda keçiriləcək Davos İqtisadi forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən belə deyib.

Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə Davos İqtisadi forumu dünyanın qabaqcıl iqtisadi şirkətlərinin, siyasilərinin biraraya gəldiyi toplantıdır. Bu forum ənənəvi xarakter daşıyır. Azərbaycanda bu forumda iştirak edir: "Ulu öndər Heydər Əliyev dəfələrlə Davos İqtisadi forumunda təmsil olunub. Bu il keçirilən İqtisadi forumda da Azərbaycan kifayət qədər nüfuzlu yerlərdən birini tutub. Bu çox əhəmiyyətli bir hadisədir. Hazırda bu forumun keçirilməsi ilə bağlı hazırlıq işləri görülməkdədir. Ölkəmiz bu İqtisadi forumu yüksək səviyyədə keçirəcəkdir. Çoxsaylı xarici şirkət nümayəndələrinin, siyasilərin, eləcə də müxtəlif iş adamlarının Azərbaycana gəlişi gözlənilir. Bu forumun Azərbaycan üçün iqtisadi, siyasi, mənəvi, psixoloji əhəmiyyəti vardır. Məlumdur ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Paytaxt Bakıda bu kimi tədbirlərin keçirilməsinin bizlər üçün ikiqat əhəmiyyəti vardır. Biz bir tərəfdən Azərbaycanın dünyaya çıxışlarını daha da genişləndiririk. Digər tərəfdən ölkəmiz bizimlə düşmən münasibətdə olan və bizə təcavüz edən Ermənistan üzərində mənəvi, siyasi, diplomatik üstünlüyünü nümayiş etdirir. Azərbaycan bu gün 155 ölkə ilə ticari, iqtisadi əlaqələr saxlayır. Ölkəmiz beynəlxalq təşkilatlarda kifayət qədər yüksək səviyyədə təmsil olunur. Beləcə, Davos İqtisadi forumunun da Azərbaycanda keçirilməsi bizim dünya miqyasında və dövlət sırasında yerimizi, nüfuzumuzu göstərən əsas amillərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə