Əli Əhmədov: "YAP 20 illik fəaliyyətində möhtəşəm uğurlar qazanıb"
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov Xaçmaz rayonunda partiyanın fəalları ilə görüşüb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, rayon üzrə partiyanın 8 mindən çox üzvü var. Onların da 3 mindən çoxunu gənclər təşkil edir.
Natiq vurğulayıb ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və dövlətimizin ictimai-siyasi həyatında ən mühüm faktorlardan birinə çevrilib.
O, həmçinin, rayonda aparılan quruculuq və abadlıq işləri haqqında da geniş məlumat verərək qeyd edib ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi-sosial siyasət nəticəsində Azərbaycanın hər bir regionunda olduğu kimi, Xaçmaz rayonunun həyatında da əsaslı dəyişikliklər, köklü inkişaf müşahidə olunmaqdadır. Ona görə də xaçmazlılar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlıqlarını ifadə edir.
Sonra görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini–İcra katibi Əli Əhmədov öncə YAP Xaçmaz rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək deyib ki, rayon təşkilatı partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töfhələrini verməkdədir.
Daha sonra Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir. Eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq daim fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb.
2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə böyük nailiyyətləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunların hamısı isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
Görüşün sonunda gəncləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, görüşdə millət vəkili Eldar İbrahimov da iştirak edib.
Emin Kərimov, XAÇMAZ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB