İlham Əliyev Avstriya Milli Şurasının ikinci prezidentini qəbul edib

İlham Əliyev Avstriya Milli Şurasının ikinci prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 5-də Avstriya Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı marağın yüksək səviyyədə olduğunu qeyd edib.

Əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini vurğulayan prezident bu səfərin uğurlu olacağına və əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, son 20 ildə ölkələr arasında münasibətlərin yüksək templərlə inkişaf edərək hazırkı səviyyəyə qalxdığını vurğulayan qonaq 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılmasını və 2011-ci ildə Prezident Haynts Fişerin böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini bunun bariz nümunəsi kimi dəyərləndirib.

F. Neugebauer ikitərəfli münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Görüşdə Avstriya şirkətlərinin Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə iştirakının önəmi qeyd olunub, ölkələr arasında iqtisadi, enerji, informasiya və kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb, əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə