Aydın Hüseynov: “Ermənistan regionda yeni gərginlik ocağı yaratmaq istəyir” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun SİA-ya müsahibəsi:

- Aydın müəllim, adını ziyalı qoyan Rüstəm İbrahimbəyov xaricdə ola-ola Azərbaycana qarşı yenə də müxtəlif səpkili bəynatlarla çıxış edir. O, bildirib ki, ölkəyə qayıdacağı təqdirdə istintaqa cəlb oluna bilər. Sizin bu məsələlərə yanaşmanız necədir?

- El arasında belə bir misal var ki, "xain həmişə xoflu olar". Əgər Rüstəm İbrahimbəyovun daxilində xainlik olmasaydı, o özü-özündən şübhələnməzdi. Digər bir tərəfdən öz adını ziyalı qoyan amma millətinə bağlı olmayan eləcə də öz dövlət maraqlarını qorumayan insan xalqı tərəfindən də heç bir dəstək qazana bilməz. R.İbrahimbəyovu daim maraqlandıran şəxsi istəkləri, ambisiyaları və konkret olaraq maddi maraqları olub. Məlum məsələdir ki, bu maddi maraqların da müəyyən həddi var. Əgər R.İbrahimbəyov xalq yazıçısı kimi xalqını təmsil edirdisə, öz xalqının içində olmalı idi. Bu insan hara bağlıdırsa, ora da gedir.

- Fevralın 26-da Azərbaycan diasporunu təmsil edən 2 fəal gənc Fransa parlamentinin binasında ermənilər və fransız deputat tərəfindən vəhşicəsinə döyülüb. Bu da təbii ki, ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bəs sizin bu hadisəyə münasibətiniz necədir?

- Fransa hər zaman özünü demokratiyanın beşiyi adlandırıb. Lakin 2 fəal gəncin Fransada döyülməsi və buna ermənilərin, fransız deputatların tamaşaçı qismində yanaşması hər şeyi yenidən ortaya çıxardı. Məlumdur ki, Fransa dövləti ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Belə olan təqdirdə bu hadisə bir daha Fransanın iç üzünü ortaya qoydu. Yəni bu insanlar Dağlıq Qarabağ məsələsinə ümumilikdə isə bütün dünyanın problemi olan və bəşəriyyətə qarşı törədilən bu cinayətə göz yumursa, deməli Fransanın həmsədr ölkə kimi vasitəçilik məsələsi də sual altındadır.

- Ermənistan dövləti növbəti hiyləsini reallaşdırmaq istəyir. Belə ki, işğalçı ölkə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində turizm obyektləri inşa etdirmək istəyir və bununla da xarici turistlərin diqqətini Ermənistana yönəltməyə çalışırlar. Bu haqda nə deyə bilərsiniz?

- Təbii ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əgər burada hər hansı bir turizm obyektləri, müəssisələri yaradılırsa və adı çəkilən bu əraziyə xaricdən kimlərinsə gəlməsi nəzərdə tutulursa, bu, beynəlxalq hüquq normalarına zidd hesab olunur. Bununla belə Azərbaycanın icazəsi olmadan bunun reallaşması mümkün deyil. Bu da təbii ki, ermənilərin növbəti ajotaj yaratmasına hesablanıb. Çox güman ki, qarşı tərəf bu məsələləri qabartmaqla regionda yeni bir gərginlik ocağını yaratmaq istəyir.

- Aydın müəllim, radikal müxalifət növbəti dəfə martın 10-da icazəsiz aksiya keçirməyi planlaşdırır. Hər dəfə də bu aksiyalar nəticəsiz qalaraq, uğursuzluqla başa çatır. Buna münasibətiniz necədir?

- Müxalifətin hər dəfə təşkil etdiyi icazəsiz aksiya cəmiyyət tərəfindən istehza ilə qarşılanır. Biz demokratik, hüquqi dövlətik və bunun da əsas prinsiplərindən biri insanların özbaşınalığı deyil, əksinə qayda-qanun çərçivəsində fəaliyyət göstərməsinin təmin olunmasıdır. Müxalifətin bu və ya digər formada özünü gündəmə gətirməsi təbii ki, xaricdən aldıqları qrantlar hesabınadır.

Bütün xəbərlər Facebook səhifəmizdə