“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində”

“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində”

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ADNA-nın prorektoru Qasım Məmmədov, ATGTİ-nin sədri Şahin İsmayılov, Bakı Regional Mərkəzi rəsininin müavini, 2-ci dərəcə dövlət qulluqçusu Tale Şamçıyev və digər qonaqlar iştirak edib.

Tədbiri giriş nitqi ilə ADNA-nın prorektoru Qasım Məmmədov açaraq deyib ki, 2005-ci il dekabrın 16-da Prezident İlham Əliyev ölkədə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Nazirlik yarandığı gündən mülki müdafiə və ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində, tikintidə bir sözlə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan işləri geniş miqyasda həyata keçirməyə başlayıb. İlk günlərdən effektiv nəticələr əldə edə bilmək üçün nazirlik beynəlxalq əməkdaşlığı da prioritet məsələ kimi diqqətdə saxlayıb.

Ölkə başçısı İlham Əliyevin diqqəti sayəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olunub. Xarici ölkələrdən lazımı sayda ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr, cihazlar alınıb.

ATGTİ-nin sədri Şahin İsmayılov isə bildirib ki, FHN Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Bu əməkdaşlıq artıq 3 ildir ki, davam edir: "Cari ildə bu qəbildən keçiriləcək bütün tədbirlər ümummilli lider Heydər Əliyevin fövqəladə hallar orqanlarının təşəkkül tapmasındakı rolu və gənclər siyasətinə həsr olunacaq. Ötən illərdə belə tələbə konfransları Azərbaycan Memarlıq və İnşaat eləcə də Slavyan universitetlərində böyük uğurla keçirilib".

Qeyd edək ki, FHN Bakı Regional Mərkəzi öz maarifləndirmə fəaliyyətini yalnız tələbələrlə işlə məhdudlaşdırmır. Tam orta məktəblər, səhiyyə müəssisəsləri, iri özəl şirkətlər də mərkəzin daim diqqət mərkəzindədir. Maarifləndirmə tədbirlərinin əhalinin geniş daiərlərini əhatə etməsi üçün mərkəz daim öz fəaliyyətini genişləndirir, cəmiyyətin bütün zümrələri ilə əməkdaşlıq edilir.

Tədbirdə digər çıxış edənlər də elmi-praktiki konfransla bağlı dəyərli fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə