Putinin rus - diktat dili

Dövlətlərin gücü nə ilə ölçülür? İngilis imperiyası çoxdan dağılıb, lakin onun dil arealına daxil olan və bununla mənəvi hakimiyyəti altına girənlərin sayı bir milyard yarımdan çoxdur. Çin və ispandilli əhalinin doğma dilində danışanları ilə müqayisədə İngiltərədəki və digər ingilis dilli dövlətlərdəki xalqların sayı daha azdır, amma öz valideynlərindən irsi olaraq deyil, bilavasitə həyat ehtiyaclarına-işgüzar və şəxsi maraqlarına görə insanların yiyələndiyi dil sözsüz ki, Şekspirin dilidir.

Britaniya imperiyası yarım əsr əvvələ qədər mövcud olsa da iddia etmək olmaz ki, imperiya dili olaraq bu gün aparıcı mövqeni tutmasına bu amil, yaxub Birləşmiş Ştatların hazırki gücü təsir göstərib. Hərbi güc vasitəsilə və yaxud başqa əraziləri tutmaq yolu ilə digər xalqları öz dilində danışmağa vadar edə bilməzsən. Napoleon ingilisləri "ticarətçi millət"sayırdı, ancaq Avropanın yarısını ələ keçirməsinə baxmayaraq öz milli dilində danışmağa digər millətləriin çox az qismini vadar edə bildi və işğal etdiyi ərazilərdə həmin "kommersantların" dili olmadan keçinmək mümkün olmadı. Yüz illərdi ki, fransız dilində danışanların sayını artırmaq üçün dövlətin çəkdiyi misilsiz zəhmət və xərclərə baxmayaraq nəticə heç də ürəkaçan deyil və fransızdillilərin kəmiyyət ölçüsü yerində sayır. Eyni sözləri Almaniyadakı "Höte institutu" haqda da söyləmək olar. Tətbiq olunan vasitələrə baxmayaraq dilin linqvistik arealı genişlənmir və dövlət yaxşı dərk edir ki, burada ya əhalinin kütləvi köçünü təşkil etməlisən, ya da ticari ehtiyaclar üzündən başqa xalqların təbii canatımını formalaşdırmalısan.

Roma imperiyasında əhalinin istifadə etdiyi latın və yunan dilllərinin dağılmadan sonrakı aqibətini hər kəs bilir. O cümlədən, Osmanlı İmperiyasının yaranması fonunda dünyanın dil xəritəsi də müyyən dəyişikliyə uğradı. Lakin rus dili haqqında imperator qiyafəsində hökm verən Putinin iddiasına başqaları düşmədi. Rusiya prezidenti millətlərarası konfransda bəyan edir ki, rus dilinin region ölkələrində istisnasız olaraq (!) doğma dilə çevrilməsinə zərurət var.

Rus əhalisi və onun dilindən istifadə edənlərin sayı SSRİ-nin dağılmasından sonra sürətlə azalır. Əlbəttə dili dövlətin mülkiyyəti və istila resursuna çevirməyi planlaşdıran lider nəzərə almalıdır ki, bunu yumruqla həyata keçirə bilməzsən. "Dünənki qardaşlar" bu gün ayrılıb hərəsi bir dövlət olub və keçmiş haqda düşünərkən təkcə Tolstoyun və Puşkinin ədəbi irsindən deyil, eləcə də istilalar və mədəni işğalları da həyatlarının ağrıları kimi xatırlayırlar. Ona görə də Baltikyanı ölkələrdən Gürcüstanadək hər yerdə rus dilində olan küçə adları sürətlə dəyişdirilir və tədris qrafikində kəskin ixtisarlar həyata keçirilir. Bu yerdə vahid bir dövlətin çətiri altında ikinci dünya müharibəsində birgə qələbə və xalqların ümumi mədəni irsi belə köməyə gəlmir. Putin ideoloji cəbhədə hücuma keçərkən bunu nəzərə almalıdır.

Hökmranlııq ruhu və ağa-qul münasibətlərini avtomatik olaraq dilə daşıya bilməzsən. Heç kəs rus dili hesabına bütün sovet xalqlarının böyük dünya irsinə və mədəniyyətinə qovuşduğunu inkar edə bilməz. Amma bu coğrafi ərazi deyil ki, oranı tanklarla və toplarla zəbt edəsən. Mənəvi məkanın tutulması könüllü baş verməlidir.

Bu gün suverenliyini əldə etmiş respublikalarda yeni siyasi elitalar formalaşır ki, onların əksəriyyəti ikinci statusda ingilis dilinə üstünlük verirlər. Məsələn Ukraynada tarixi –coğrafi bölünmə şəraitinə görə şərqdə ruslaşma daha sürətlə gedib və bu gün də orada Rusiyanın avtoritetini ən yüksək səviyyədə qoruyub saxlamaq mümkün olub. Çarizm dövründən bəlli basqılar nəticəsini verib. Lakin qərbi Ukraynanın avstriya-macar hakimiyyəti və liberal yaradıcı mühiti indiki şəraitdə dillərarası məlum toqquşmaları meydana çıxarıb. Ancaq eyni paraleli Hindistan haqqında demək mümkündürmü? Orada ingilis dili dövlətin ikincilik statusunu ona görə qazanıb ki, xalq gerçəkdə bunu qəbul edib və süngü altında öhdəliyinə çevirməyib. Avstraliya-yeni Zellandiyada olduğu kimi hind dialektinə də heç bir ingilis hökuməti rəhbərlik edə və yol göstərə bilməz.

Ona görə hər bir dövlətin başçısı tarixi gerçəkləri nəzərə almalıdır. Rusiya imperiyası, çarizm diktaturası, Stalin tiraniyası və Putinin danışdığı diktat dilində millətlərin dostluq və mübadilə dili əvəzinə düşmənçilik stimullaşdırılacaqsa, onda hamı Amerikanın və Çinin yanında olacaq. Doğmalıq o vaxt baş verəcək ki, Rusiya dünyanın iqtisadi, mədəni və ədəbi cəhətdən azad və açıq məmləkətinə çevriləcək.

Vaxtilə "da" deyən sovet adamlarıının hətta körpə balaları da "Okay" söyləyir. Bu ingilisin tanksız-topsuz qələbəsi deyilmi?!

Bütün xəbərlər Facebook səhifəmizdə