“Səs” qəzetidə Xocalı müzakirələri

Faciənin 21-cil dönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub
“Səs” qəzetidə Xocalı müzakirələri

Bu gün "Səs" qəzetinin redaksiyasında Xocalı faciəsinin 21-cil dönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbir Xocalı şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anımı ilə başlayıb. Daha sonra dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev açıb.

O, bildirdi ki, 1988-ci ildən başlanmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımdır: "Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə, dünya tarixində anoloqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqilik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhramanlıq tarixinə şərəfli səhifələr yazmışlar".

Çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Xocalı faciəsi baş verənə qədər Azərbaycandakı ictimai-siyasi vəziyyətdən danışdı: "Xocalı soyqırımı təkcə Azərbaycanın yox, eyni zamanda bütün bəşəriyyətin faciəsidir. 1991-ci ildə Azərbaycan Konstitusiya aktına dəyişiklik edərək özünün müstəqilliyini elan etdi. Keçmiş SSRİ məkanında baş verən proseslərin məntiqi nəticəsi olaraq bu ağrılı proses Azərbaycandan da yan keçmədi. Azərbaycanın o dövrdəki rəhbərləri konkret olaraq Rusiyanin diqtəsi ilə oturub dururdu. Ayaz Mütəllibov isə ölkəyə faktiki olaraq rəhbərlik edə bilmirdi. Öz xalqına bağlı olmayan, ona arxalanmayan bir rəhbər heç bir vaxt dövləti idarə edə bilməz. O dövrdəki hərc-mərclik və hər bir qrupun özünün müdafiə dəstələrini yaratmağının acı nəticələrini bu gün də Azərbaycan xalqı yaşamaqdadır. Hər bir cinayət hadisəsinin səbəbkarları olur. Bu faciənin də birbaşa günahkarı Ermənistan prezidenti serj Sarkisyandır".

Daha sonra çıxış edən millət vəkili Elman Məmmədov isə faciənin başvermə səbəblərindən və o dövrdə yaşadığı acı xatirələri dəyirmi masa iştirakçıları ilə bölüşüb: "Xocalı faciəsinin baş verməsi ərəfəsindəki vəziyyət birdən-birə yaranmamışdı. Faciə son dörd ilin hazırlığın acı nəticəsi kimi baş verdi. Hadisələr 1988-cildən başladı. Xocalının coğrafi mövqeyi elə idi ki, burdan azərbaycanlılar yaşayan kəndlərə getmək üçün ən azı 3-4 erməni yaşayış məntəqəsini keçmək lazım gəlirdi. Xocalı bütövlükdə erməni yaşayış məntəqələrinin mühasirəsində idi. Bu hadisələrin kuliminasiya nöqtəsi fevralın 25-dən 26-sına keçən gecə baş verdi. Xocalının mühasirəsinə rayonun özünü müdafiə qüvvələrindən başqa 16 nəfər insan gəlmişdi. Xocalının müdafiəsinə Milli Ordunun qüvvələri gəlmədi. Xocalının müdafiə edən qüvvələrin komandanlığını mən həyata keçiridim ki, mən də hərbi təlim görməmişəm. Biz o dövürki rəhbərlikdən tələb edirdik ki, dinc əhalinin çıxarılmasına köməklik göstərin. Buna köməklik olmadığından faciə qurbanlarının əksəriyyəti dinc sakinlərdir".

Politoloq Cümşüd Nuriyev isə çıxışında bildirib ki, faciənin tanıdılmasında Azərbaycan mətbuatında yanlış işlər aparılır: "Azərbaycan bir tərəfdən Xocalıya ədalət istəyir, bir tərəfdən isə özümüzü ittiham altında saxlayırıq. Bu faciə mütləq baş verməli idi. Tomas Devalın "Qarabağ" kitabının 235-ci səhifəsində yazılır, "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz dinc əhaliyə əl qaldıra bilmərik. Biz bu sindromu qırdıq". Bundan başqa həmin dövrdə Rusiyanın daxili işlər naziri Yerenin məktubunda göstərilir ki, "Xocalı faciəsi daha çox ermənilərlə bərabər içirdilmiş və narkotikdən istifadə etmiş rus ordusunun əsgərləri tərəfindən törədilib". Burdan nəticə çıxır ki, bunların əli ilə bu faciə törədilib".

Daha sonra çıxış edən millət vəkili Çingiz Qənizadə bildirib ki, bəzi demokratiyadan, insan haqlarından danışan dövlətlər siyasi məqsədlərini nəzərə alaraq belə ağır cinayətlərə göz yumurlar: "Azərbaycan yaxın 4-5 il ərzində Xocalı ilə bağlı öz sözünü dünyaya çatdıra bilibsə deməli uğurun davamı gələcək. Dünya dövlətləri ictimiyyəti səhv yönləndirib. Onlar heç Xocalıda nə baş verdiyini belə bilmirlər. Ancaq bu gün Azərbaycanın faciənin təbliği yönündə apardığı uğurlu siyasət onu deməyə əsas verir ki, yaxın gələcəkdə dünya ictimaiyyəti bu faciə haqqında həqiqətləri öyrənmiş olacaq".

Çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə diqqətə çatdırıb ki, Xocalı faciəsi ilə bağlı soyqırım broşürası buraxılıb: "Bu broşüralarda qeyd olunub ki, hansı cinayətlər soyqırımı adlandırılır. Dünya ictimaiyyəti bu cinayətləri bilir ancaq qiymət vermək istəmir. Ancaq bu bəşəri cinayət Azərbaycan xalqına qarşı törədilməsinə baxmayaraq cinayətin səbəbkarları öz haqlı cəzalarını alacaqlar. Bundan ötrü bütün Azərbaycan ardıcıl məqsədyönlü iş aparıblar. Ancaq bu fəaliyyət azlıq təşkil edir".

Daha sonra dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə