Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib FOTOLAR

Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib FOTOLAR

Bu gün Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, iclasda Küveytin ölkəmizdə rəsmi səfərdə olan Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Küveyt nümayəndə heyətini salamlayan Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. Nazir bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğuna diqqət çəkib və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Küveyt nümayəndə heyətinin başçısı, baş nazirin müavini və xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah səfərdən məmnun olduğunu bildirib və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq edib.

İclasda iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb və iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayələrin yatırılması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensiaıın olduğu qeyd edilib. İki ölkə arasında yeni sazişlərin hüquq-müqavilə bazasını möhkəmləndirəcəyi və bunun da öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəyi vurğulanıb.

Bununla yanaşı, Azərbaycanda yaradılmış münbit biznes mühiti haqda bəhs edilib və xarici investorların ölkə iqtisadiyyatına sərmayə yatırmaları üçün bütün imkanların yaradıldığı vurğulanıb. İki ölkənin biznes dairələri arasında əməkdaşlığın yaradılması və qarşılıqlı təmasların sıxlaşdırılmasının vacibliyi qeyd edilib. İclasda həmçinin ölkələrimiz arasında nəqliyyat, infrastruktur, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib və bu sahələrdə əlaqələrin ümumi ikitərəfli münasibətlərə töhfə verəcəyi bildirilib.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq, gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq, təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Küveyt Dövlətinin Xarici İşlər Nazirliyinin Saud N. Alsabah Küveyt Diplomatik İnstitutu arasında anlaşma memorandumu və Azərbaycan-Küveyt Birgə Hökumətlərarası Komissiyasının 2-ci iclasının protokolu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə