“İRƏLİ”: Prezidentin son çıxışı iti bir uzaqgörənlik nümunəsidir

Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirib. Dövlətimizin başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərdən danışıb və eyni zamanda sərt bəyanatlarla çıxış edib

Qurumdan SİA-ya verilən məlumata görə, bu məqsədlə "İRƏLİ" İctimai Birliyi Prezidentin yürütdüyü siyasətə, hər zaman öz dəstəyini verməyə hazır olduğunu bəyan edib: "Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı son çıxışı iti bir uzaqgörənlik nümunəsidir. Qəbul edilən proqramların və məqsədyönlü fəaliyyətin məqsədi birdir - müstəqil Azərbaycanı inkişaf etdirmək. Bu məqsədə çatmaq üçün Azərbaycanda güclü insan kapitalını formalaşdırmaq məsələsi qarşımızda duran əsas vəzifədir.

Cənab Prezidentin gənclərə göstərdiyi diqqət və qayğı hər kəsə məlumdur. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramı, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə" dövlət proqramı bir daha onu sübut edir ki, bu gün ölkəmizdə insan kapitalının inkişafı üçün gözəl şərait yaradılıb və biz gənclərin əsas vəzifəsi bizə olan etimadları doğrultmaqdır.
Ümummilli Liderimiz demişdir: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır". Dünənki iclas bir daha sübut etdi ki, Prezidentimiz hər zaman xalqın yanındadır. İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amili durur. "Qara qızılın insan kapitalına çevrilməsi" Azərbaycan Prezidentinin ölkənin gələcək inkişafına həssas yanaşmasının, ölkə iqtisadiyyatının innovativ intellektual potensiala malik olması istiqamətində fəaliyyətinin bariz nümunəsidir. Məmurların vəzifəsi isə xalqa xidmət etməkdir və heç bir məmur xalqın və onun prezidentinin ona bəslədiyi etimaddan sui-istifadə etməməlidir.
Tarix boyu sübut olunmuşdur ki, istənilən dövlətdə məmur və hakimiyyət nümayəndələrinin sözləri ilə əməllərinin üst-üstə düşməsi dövlətçilik üçün vacib şərtdir. Cənab Prezident də məmurlara məhz bunu xatırladaraq dövlətin dayağı olan xalqın etimadını hər zaman qorumağa nail olmuşdur. İdarəçilikdə xalqa bağlılıq və səmimilik xalqın özünü dövlətə daha yaxın hiss etməsinə şərait yaradır ki, bu da həm dövlətçiliyin möhkəmləndirilməsində, həm də hakimiyyət və xalq arasında əlaqələrin qırılmaz və möhkəm olmasında əvəzsiz rol oynayır. Prezidentin konfransdakı nitqi də məhz onu göstərdi ki, ölkə başçısı öz səmimiliyi və təvazökarlığı ilə hər kəsə nümunə olmalıdır.
Biz gənclər də Cənab Prezidenti özümüzə nümunə götürməli, onun yolu ilə addımlamalıyıq, çünki yalnız hazırki yol inkişafa və uğura aparır.
Biz "İRƏLİ" İctimai Birliyi olaraq Cənab Prezidentin siyasətini dəstəkləyir və gənclərin nümayəndəsi olaraq hər zaman bizə olan etimadı doğrultmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə