Xarici siyasət klubunun təqdimat mərasimi keçirilib YENİLƏNİB - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin mərkəzi ofisində Xarici siyasət klubunun təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, YAP Gənclər birliyinin sədri Seymur Orucov və hakim partiyanın icra katibinin müavinləri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov deyib ki, Azərbaycan gəncliyi öz dünyagörüşü, müasirliyi ilə əvvəlki nəsillərdən fərqlənir: "Siz ölkədə və dünyada gedən prosesləri öz kontekstinizdə təhlil etməyi bacarmalısınız. Bununla da siz gənclər müşahidəçi yox, baş verən proseslərdə birbaşa aktiv olmalı və sağlam mövqedən iştirak etməlisiniz. Bu klubun fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi öz mövqeyinin formalaşmasında ciddi addımlar atacaq. Burada keçirilən müzakirələr zamanı gənclər dünyadakı siyasi praktikanı dərk etməklə Azərbaycanın milli maraqlarını müdafiə etmək imkanı qazanacaqlar. Düşünürəm ki, bu layihə Azərbaycanın dünya prosesinə yanaşmasında xüsusi əhəmiyyətə malik olacaq. Bu gün siz gənclər özünüzü gələcəyi, gələcəyi də özünüzə hazırlamalısınız".

YAP GB-nın sədr müavini Ramin Məmmədov isə deyib ki, klubun yaradılması partiyanın xarici əməkdaşlığının gücləndirilməsinə xidmət edəcək: "Bu layihə ilə YAP gənclərinin xarici təşkilatlarla əlaqələrinin daha da genişləndirilməsinə diqqət veriləcək və partiyanın xarici siyasəti ilə bağlı geniş məlumatlar yer alacaq. Klubda xarici əməkdaşlarla birbaşa təmaslar qurulacaq, həmçinin mütəxəssislərin daxili və xarici siyasətlə bağlı leksiyaları dinləniləcək".

Daha sonra YAP-çı gənclərlə klub ətrafında söhbətlər aparılıb və slaydlarla təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə