Yanvarın 28-də Nyu-Meksiko ştatının Senatı Xocalı faciəsini tanımışdır. Azərbaycan əhalisinin kütləvi qətlini təsdiq edən qətnamə ştatın parlamentinin yuxarı palatasına, baxılmaq üçün Demokrat Partiyasından olan senator Herald Ortis-i-Pino tərəfindən təqdim edilmişdir.
Sənəddə Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsindən söhbət açılır, 1992-ci il fevralın 25-26-da Xocalı şəhərinin işğalı zamanı erməni silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi qırğından, 600 nəfərdən çox insanın, o cümlədən uşaqların, qadınların və ahılların qətlindən ətraflı bəhs edilir.
Qətnamənin müəllifi yazır: "...Qırğından sonra Xocalıda tapılmış bir çox insanların meyitləri eybəcər hala salınmış və təhqir olunmuşdu. Bu hadisə müharibənin vəhşicəsinə törədilmiş ən dəhşətli qırğını idi". Sənəddə, həmçinin qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamələr qəbul etdiyinə baxmayaraq, Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Nyu-Meksiko ştatı Senatının Xocalı qırğınının təsdiqinə dair qətnaməsi 35 senator tərəfindən yekdilliklə qəbul olunmuşdur.
Xatırladırıq ki, Xocalı faciəsi Texasın, Nyu-Cersinin, Corciyanın, Meynin də qanunvericilik orqanları tərəfindən tanınmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB