Mübariz Qurbanlı: “Müxalifətin dırnaqarası həvəslənməsinə heç bir əsas yoxdur” MÖVQE

"Əgər müxalifət nümayəndələri həmin insanların prezident İlham Əliyevin siyasətinə qarşı çıxdığını düşünürlərsə, böyük yanlışlığa yol verirlər"
Mübariz Qurbanlı: “Müxalifətin dırnaqarası həvəslənməsinə heç bir əsas yoxdur” MÖVQE

İsmayıllıda meydana gələn bu hadisələr Daxili İşlər və Hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır, günahkarlar isə mütləq şəkildə öz cəzalarını alacaqlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Millət vəkilinin sözlərinə görə, İsmayıllıda baş verən hadisə zamanı rayon camaatı sadəcə səbrli olmalı idi: "Xüsusilə də bu hadisələrdən sonra mülkiyyətin yandırılması və bu kimi digər hallar düzgün yol deyildi. Bununla bağlı hətta hüquq-mühafizə orqanlarının, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun açıqlamaları var. Burada əsas diqqəti çəkən müxalifətin radikalyönümlü dairələrinin belə hallardan istifadə etməyə çalışmasıdır. Bu gün çox təəssüf ki, Azərbaycanda radikalyönümlü müxalifət və onun nəzarətində olan mətbuat insanları barışdırmağa, sakitləşdirməyə, ictimai-siyasi sabitliyi qorumağa çalışmaq yerinə həmin insanları daha da qızışdıraraq hakimiyyət əleyhinə qarşı çıxmağa sövq edirlər. Müxalifət hətta Azərbaycanda baş verən təbii hadisələri, sel, uçqun, torpaq sürüşməsi və s. hakimiyyət əleyhinə istifadə etməyə çalışır. Bu müxalifətin radikal qanadının əsas mahiyyətinin göstəricisidir. Əslində isə bu heç də belə olmamalıdır. Ötən gün "Facebook" sosial şəbəkəsində müxalifət nümayəndələrinin yazılarına nəzər saldıqda insanı dəhşət bürüyür. Bu insanlar bütövlükdə cəmiyyətdə öz nifrətlərini, kinlərini yalnız dağıdıcılığa yönəldirlər. Onların əsas məqsədi həmin hadisələrdən qıcıqlanan əsəbləşən insanların dağıntılara yol verməsi idi".

M.Qurbanlı hesab edir ki, bütün problemlər sakit şəraitdə həll olunmalıdır: "Belə hadisələr dünyanın hər bir yerində baş verir. Bunlara misal olaraq, Türkiyəni, Fransanı, İngiltərəni və s. göstərə bilərik. Lakin həmin ölkələrdə müxalifət bu hadisələri öz məqsədləri üçün istifadə etmir. Yandırmaqla, dağıtmaqla heç nəyə nail olmaq olmaz. Bu gün artıq İsmayıllı rayonunda ictimai sabitik, asayiş təmin edilib. Bütün bunların bir daha təkrarlanmaması üçün gərək insanlar dağıdıcılığa sövq edilməsin. Əgər müxalifət nümayəndələri həmin insanların prezident İlham Əliyevin siyasətinə qarşı çıxdığını düşünürlərsə, böyük yanlışlığa yol verirlər. Həmin insanlar sadəcə rayonda baş vermiş hadisə zamanı günahkarların cəzalandırılmasını tələb edirdilər. Bu da onu göstərir ki, müxalifətin radikal qanadının dırnaqarası həvəslənməsinə heç bir əsas yoxdur. Çünki xalq bütövlükdə ictimai-siyasi sabitliyə, inkişafa tərəfdardır".

Bütün xəbərlər Facebook səhifəmizdə