BAXCP İsmayıllıda baş verən hadisədən təəssüf hissi keçirir BƏYANAT

"Vətəndaşların öz etirazlarını zorakı üsullarla - başqalarının əmlakına od vurmaqda, polisə qarşı güc tətbiq etməklə büruzə vermələri yolverilməzdir və qətiyyətlə pislənilməlidir"
BAXCP İsmayıllıda baş verən hadisədən təəssüf hissi keçirir BƏYANAT

"Vətəndaşların öz etirazlarını zorakı üsullarla - başqalarının əmlakına od vurmaqda, polisə qarşı güc tətbiq etməklə büruzə vermələri yolverilməzdir və qətiyyətlə pislənilməlidir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İsmayıllı rayonunda baş verən hadisə ilə bağlı bəyanat qəbul edib. SİA həmin bəyanatı sizə təqdim edir:

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İsmayıllı rayonunda baş vermiş hadisədən təəssüləndiyini bildirir. BAXCP bir daha bəyan edir ki, vətəndaşların öz etirazlarını zorakı üsullarla - başqalarının əmlakına od vurmaqda, polisə qarşı güc tətbiq etməklə büruzə vermələri yolverilməzdir və qətiyyətlə pislənilməlidir.

BAXCP son zamanlar zorakılıqla, başqasının əmlakına və sağlamlığına zərər vurmaqla müşaiyət olunan etiraz aksiyalarının presidentə çevrilməsindən və bu təhlükəli davranışların bəzi ziyalılar və siyasi partiyalar tərəfindən dəstəklənməsindən dərin təəssüf hissi keçirdiyini bəyan edir və bu qəbildən olan faktları stimullaşdırmağa cəhd göstərənləri Azərbaycan xalqı və dövləti qarşısında öz məsuliyyətlərini dərk etməyə çağırır. Bu gün insanları öz etirazlarını qanun çərçivəsində bildirməyə çağırmaq əvəzinə baş verən zorakılıq hallarını dəstəkləyənlər, bu kimi hadisələrə "insanlar yanğınlara baxıb emossiyalarını soyudurlar" kimi hüquqi və siyasi məntiqə zidd qiymət verənlər cəmiyyətimiz və onun gələcəyi üçün olduqca təhlükəli bir mövqe sərgilədiklərinin fərqinə varmalıdırlar. Onlar anlamalıdırlar ki, bu gün onların uzaqdan tamaşa etdikləri yanğınlar daha da genişlənə və bütün Azərbaycanı bürüyə, onları da, əzizlərini və doğmalarını da yandıra bilər. Bu baxımdan, zorakılığa əl atan insanlar bilməlidirlər ki, onlar bu əməllərinə görə cəmiyyətin heç bir təbəqəsinin dəstəyini ala bilməyəcəklər.

BAXCP bu cür zorakılıq hallarının Azərbaycanda demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesinə, sivil birgəyaşayış prinsiplərinə ciddi zərbə vurduğunu bəyan edir. BAXCP bildirir ki, bu cür hüquqa zidd və zorakı davranışlarla nə bu gün, nə də gələcəkdə Azərbaycanda demokratik proseslərin inkişafına beynəlxalq dəstək almaq mümkün olmayacaq. Əksinə, bu qəbildən olan düşüncə və davranışlar Azərbaycan xalqının demokratik, sivil cəmiyyət qurmaq potensialını şübhə altına alacaq, ölkəmizin Avropanın hüquqi və demokratik dəyərlər sisteminə inteqrasiya olunmasına ciddi maneə yaradacaq.

BAXCP hesab edir ki, mövcud problemlərin yaranma səbələrindən biri də ayrı-ayrı güc strukturlarının və nazirliklərin yerlərdəki təmsilçiliklərinin icra hakimiyyəti başçılarına tabe etdirilməsi və bununla da onlara müstəsna hüquq və səlahiyyətlərin verilməsidir. BAXCP təəssüflə qeyd edir ki, yerli icra hakimiyyəti orqanları çox az hallarda onlara verilən bu müstəsna səlahiyyətlərdən düzgün və qanunamüvafiq şəkildə yararlanırlar. Əksər hallarda onların tabeçiliyinə verilmiş qurumları qanunazidd fəaliyyətə sövq edirlər ki, bu da son nəticədə yerli icra hakimiyyətlərin timsalında dövlətin gözdən salınmasına zəmin yaradır.

BAXCP hesab edir ki, mövcud problemlərin aradan qaldırılması üçün idarəetmə sistemində ciddi struktur və kadr islahatları aparılmalı, uzun illər vəzifədə olan və fəaliyyətləri ilə özlərini gözdən salan kadrlar istefaya göndərilməli, onların yerinə müasir, çevik düşüncəli, çağdaş dünyanın çağırışlarına hazır olan gənc kadrlar gətirilməli və onlar da öz növbələrində idarəetmədə modern üsulların tətbiqinə başlamalıdırlar.

BAXCP Azərbaycan hakimiyyətini qeyd olunan islahatların aparılması üçün dialoqa çağırır".

Bütün xəbərlər Facebook səhifəmizdə