Hesab edirəm ki, bizə qısqanclıqla yanaşan bu kimi qüvvələr hər zaman vardır. Hətta belə bir deyim də var, "əgər bir müvəffəqiyyət qazansan, iki bədxahın peyda olacaq". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Kristof Ştrasserin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsinin qəbul olunmamasına münasibət bildirərkən deyib.
E.Nəsirlinin sözlərinə görə, hələ Prezident İlham Əliyev ötən ilin sentyabr ayının 21-də Azərbaycanın xarici ölkələrdəki diplomatik korpus nümayəndələri ilə keçirdiyi sayca dördüncü müşavirədə bir daha diqqətə çatdırıb ki, Azərbaycan elə sürətlə inkişaf edir ki, artıq bir çox ölkələrin qısqanclığına səbəb olub: "Kristof Ştrasser kimi insanlar dar düşüncəyə, cılız təfəkkürə malikdirlər. Əgər bu insanlar doğurdan da həqiqətin carçılarıdırlarsa və obyektiv ictimai fikir formalaşdırmaq istəyirlərsə, onda gərək hüquqları kobud şəkildə pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünü görsünlər və onlara qiymət versinlər. Bundan sonra isə həmin insanların danışmağa haqqı ola bilər. Danılmaz həqiqət ondan ibarətdir ki, Azərbaycanın mövqeləri getdikcə güclənir. Sadəcə, bu, bədxah insanlar digər qüvvələrin əlində alət rolunu oynayırlar və həqiqəti təhrif etməklə Azərbaycana qarşı qarayaxma kompaniyası gerçəkləşdirmək istəyirlər. Sevindirici haldır ki, ötən gün AŞPA-da Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsi qəbul edilməyib. Gərgin müzakirələrlərdən sonra səsvermədə 125 deputat qətnamə layihəsinin əleyhinə, 79 nəfər isə lehinə səs verib. Biz heç bir zaman bu kimi təhlükələrdən və təhdidlərdən sığortalanmamışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB