Elçin Mirzəbəyli: “Deməli bu insanlar daxilən diktatorlardır”

Onların bir prinsipi var: "Kimsə bizdən deyilsə, deməli o şəxs bizim düşmənimizdir"
Elçin Mirzəbəyli: “Deməli bu insanlar daxilən diktatorlardır”

Bu və ya digər jurnalistin hər hansı bir aksiyaya qatılması və tərəf kimi iştirak etməsi, faktiki olaraq, onun peşəkarlığını şübhə altına alan fakt kimi dəyərləndirilməlidir. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın mərhum əsgər Ceyhun Qubadovun anasını təhqir edən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, X.İsmayılova aksiyaya qatılmaqla bir jurnalist kimi özünün tərəf olduğunu açıq-aşkar nümayiş etdirib: "Bu adam milli dəyərlərə, düşüncə tərzinə tamamilə qənim kəsilən, fərqli bir istiqamət seçən bir şəxsdir. Əgər kimsə onların düşündüyü kimi düşünmürsə və fərqli mövqe sərgiləyirsə, deməli onlar həmin tərəfi özlərinə düşmən hesab edirlər. Belə ki, "kimsə bizdən deyilsə, deməli o şəxs bizim düşmənimiz"dir prinsipi hökm sürür. Bu bir daha onu sübuta yetirir ki, deməli bu insanlar daxilən diktatorlardır və totalitar düşüncə tərzinə malikdirlər. Həmin insanlar sadəcə olaraq xaricdən müəyyən qrantlar hesabına həmin şəxslərin maraqlarını təmin etməyə çalışırlar".

Qeyd edək ki, Azərbaycan dövlətini, xalqını əlində olan bütün resurslarla aşağılamağa çalışan Xədicə İsmayılova adlı "jurnalist" "facebook" profilində əsgər Ceyhun Qubadovun anasını aşağılayan status yazıb. Xarici havadarlarının, rəhbərlərinin yanında cəfakeş görünmək istəyən "xanım" bu haqda yazıb: "Oğlunun meyiti üzərində bazarlıq etməyən anaya ehtiyacı var bu məmləkətin".

Bütün xəbərlər Facebook səhifəmizdə