GUAM-ın sədrlik proqramı məlum oldu

GUAM-ın sədrlik proqramı məlum oldu

2013-cü ildə GUAM-ın sədrlik proqramı məlum olub. SİA-nın məlumatına görə, proqramı Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze açıqlayıb. O bildirib ki, Gürcüstan təşkilat çərçivəsində daha sıx siyasi fəaliyyətin təmin edilməsinə yardım etmək, yəni daha fəal və koordinasiya edilmiş siyasət yürütmək niyyətindədir.

Vitse-spiker, həmçinin GUAM ölkələrinin müxtəlif sahələr üzrə əməkdaşlığının dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib: "Bu sıraya GUAM ölkələrinin tranzit potensialının artırılması, iqtisadiyyat sahəsində islahatların aparılması və bu sahənin inkişafı, eləcə də nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması daxildir".

"GUAM-ın azad ticarət zonalarının imkanlarından maksimum istifadə edilməsinə yardım etmək və yeni qarşılıqlı sərfəli iqtisadi layihələrin hazırlanması, o cümlədən maraqlı tərəflərlə birgə belə layihələrin reallaşdırılması imkanlarının öyrənilməsi lazımdır", - deyə Abaşidze bildirib.

O, ümumavropa enerji təhlükəsizliyinin təmin edilməsində GUAM-ın rolunun artırılmasının vacibliyini də eyd edib: "GUAM Parlament Assambleyasına Gürcüstanın sədrliyi proqramına, həmçinin digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi, GUAM məkanında münaqişələrin sülh yolu nizamlanması prosesinin fəallaşdırılması məqsədilə dünya ictimaiyyətinə birgə dəstəyin verilməsi daxildir".

"GUAM-ın tərəfdaş ölkələrlə əməkdaşlığının müsbət dinamikasının dəstəklənməsi, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi də Gürcüstanın sədrliyi dövründə vacib istiqamətlərdən olacaq", - Abaşidze əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə