Ramiz Mehdiyev: "Azərbaycan MDB məkanında ən irəlidə gedən ölkələrdən biridir"

Ramiz Mehdiyev: "Azərbaycan MDB məkanında ən irəlidə gedən ölkələrdən biridir"

Ulu öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun gələcək inkişaf perspektivini, onun dünya siyasi və iqtisadi inteqrasiyasına yardım göstərib. 20 il ərzində Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək, dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş və liberal prinsiplərə əsaslanan özünün iqtisadi modelini yaradıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda bazar ertəsi keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

PA rəhbəri çıxışında boldirib ki, "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan qarşısında yeni perspektivlər açıb, Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri, Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəməri və digər əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan verib: "Bu regional təşəbbüslər yenicə müstəqillik qazanmış region dövlətlərinin möhkəmlənməsinə real məzmun vermişdir. Məhz qlobal və regional xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilən siyasət nəticəsində siyasi müstəqilliyin iqtisadi bazisi formalaşdı. İlk növbədə Azərbaycan enerji və ərzaq təhlükəsizliyi problemlərini həll etməklə, bütövlükdə iqtisadi müstəqilliyinin inkişafına dönməz xarakter verdi. Dünyada ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaratdı. Azərbaycan öz sərvətlərini, iqtisadi resurslarını və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan verib".

Akademikin sözlərinə görə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb: "Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq hesabatında" Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. 20 il əvvəl Azərbaycanla eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi diversifikasiyanın nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təməyülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olub".

O deyib ki, dinamik sosial-iqtisadi inkişafı, sosial rifahın yaxşılaşmasını və şaxələndirmə siyasətinin uğurlarını nəzərə alaraq beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini investisya səviyyəsində saxlamaqla ölkədə aparılan davamlı islahatlara məntiqi qiymət veriblər: "Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdən biridir. Qlobal iqtisadi böhran fonunda aparıcı dövlətlərin də kredit reytinqi aşağı salındığı halda Azərbaycanın bu sahədəki uğurları əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin siyasəti nəticəsində 2003-2011-ci illərdə ümumdaxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olmuşdur. 2003-2011-ci illərdə ölkənin strateji valyuta ehtiytları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əmək haqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 7,6 faizə enib".

PA rəhbəri deyib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi və sosial rifah sahəsində mühüm nailiyyətlər əldə edib: "Beləliklə, Azərbaycan keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarı ilə yeni dövrün astanasındadır. Güclü iqtisadiyyat demokratik inkişafın maddi bazasını təşkil edir. Azərbaycanda siyasi və iqtisadi islahatların uğurla həyata keçirilməsi davamlı inkişafın təmin olunmasına yönəlmişdir. Respublikamızda əsas insan azadlıqları, demokratiyanın inkişafı, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sahəsində mühüm uğurlar əldə edilmişdir. Qısa müddət ərzində Azərbaycan demokratiyanı özünün siyasi fəlsəfəsinə çevirmiş, zəruri islahatlar həyata keçirmişdir. Bu islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiyasını təmin etməklə yanaşı, daxili sabitliyin güclənməsinə xidmət etmişdir. Bu Heydər Əliyev strategiyasının və Prezident İlham Əliyevin fəaliyyətinin uğurudur".

Onun sözlərinə görə, Avropa insan hüquqları Konvensiyasına imza atan Azərbaycan Avropa demokratiya ailəsinin ayrılmaz bir üzvünə çevrilmiş, insan amilini, onun hüquq və azadlıqlarının təmin edilməsi kontekstində inkişafını dövlət siyasətinin əsas meyarı kimi təyin edib: "Bu gün Azərbaycanda insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir. MDB məkanında senzuranın ləğvini irəli sürən birinci ölkə olan Azərbaycanda hazırda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla orta dünya göstəricisini təxminən iki dəfə üstələyir. Hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, həmçinin vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür. Azərbaycanın müstəqil xarici siyasəti, onun daxili siyasətinin məntiqi davamıdır. Biz beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində hər zaman fəal iştirak etmişik. Azərbaycanın güc imkanları, o cümlədən malik olduğu coğrafi mövqe, hərbi-iqtisadi imkanlar və siyasi iradə ona imkan vermişdir ki, dünya siyasətinin təyin edilməsində bilavasitə iştirak etsin. Təsadüfi deyil ki, müstəqilliyinin 20 ilinin tamamında Azərbaycan Respublikası dünya dövlətlərinin dörddə üçünün dəstəyilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Beləliklə, Azərbaycan BMT-nin sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya və ədalətə xidmət etməklə beynəlxalq məsələlərin həllinə cəlb olunub. Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında deyilirdi ki: "Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə