Daha bir beynəlxalq tədbir işə başladı

Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 40-cı plenar sessiyası başlayıb
Daha bir beynəlxalq tədbir işə başladı

Bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində qurumun Assambleya Bürosunun 47-ci iclası olub. SİA-nın məlumatına görə, iclasda çıxış edən Milli Məclisin sədri, QİƏT PM-in sədri Oqtay Əsədov bildirib ki, QİƏT çərçivəsində keçirilən bütün görüşlər əməkdaşlığınızın inkişafı üçün geniş imkanlar açıb: "İnanıram ki, Bakıda keçirilən bu görüş, eləcə də müzakirələ olunan məsələlər və qəbul olunan qərarlar həm QİƏT çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrimizin inkişafına təkan verəcək. Eyni zamanda, QİƏT-in gələcək fəaliyyətinin səmərəliliyinin artırılması üçün faydalı olacaq".

Sonra iclasın gündəliyi müzakirə olunaraq təsdiqlənib.

İclasda, büronun keçən il keçirilən 46-cı büro iclasının protokolları, Parlament Məclisinin Bakıda keçirilən iki komitəsinin tövsiyə xarakterli qərarları, 40-cı ümumi iclasın gündəliyinə daxil olunan məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, noyabrın 26-da Bakıda QİƏT PM-in Hüquqi işlər və siyasi komitəsinin də əlavə iclası keçirilib.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə