"Uruqvayın mövqeyi məlumdur"

"Dağlıq Qarabağ münaqişəsinin dalana dirənməsinin başlıca günahkarı Ermənistanın özüdür. Təbii ki, Azərbaycan da bu istiqamətdə fəaliyyətini genişləndirir. Hesab edirəm ki, DQ-ın oyuncaq bir qurum kimi tanınması istiqamətində işlər heç bir səmərə verməyəcək". Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın və orada yaradılan separatçı rejimin tanınması istiqamətində Ermənistanın səyləri getdikcə artıb.

B. Muradova Uruqvay parlamentarilərinin DQ regionuna səfərini isə belə xarakterizə edib: "Biz parlament və Milli Məclisin deputatları olaraq hesab edirik ki, Azərbaycan tərəfi vaxtında Uruqvay dövlətinə öz etirazını bildirib. Eləcə də Uruqvay tərəfinin verdiyi cavab notasında bu dövlətin mövqeyi açıq-aydın şəkildə bildirilir. Hərhalda biz onların münasibətində rəsmi mövqeləri ilə əməllərində müəyyən ziddiyyətlərin, uyğunsuzluqların olduğunu görürük. Hesab edirik ki, Uruqvay beynəlxalq hüququn prinsiplərinə və ölkələrarası münasibətlərə, diplomatik qaydalara uyğun olaraq fəaliyyətini bundan sonra tənzimləməyə çalışacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə