"Dövlət güclü olmasa, xalq heç vaxt güclü ola bilməz. Bu gün Azərbaycanda güclü dövlət yaranıb". Bunu SİA-ya Millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, cənab prezident İlham Əliyevin ikinci prezidentlik dövrünə qiymət verərkən bir sıra amilləri nəzərə almaq lazımdır: "Birincisi, Avropadakı böhranların fonunda Azərbaycanda hansı işlər görülür, ikincisi Ermənistanın torpaqlarımızın işğalı şəraitində Azərbaycan daxili və xarici siyasətdə hansı uğurlar qazanıb. Bunlara tezis olaraq diqqət yetirmək lazımdır. Məlum məsələdir ki, Avropa ölkələrini iqtisadi böhran bürüyüb. Bir çox ölkələr defolt həddinə gəlib çatıblar. Buna baxmayaraq, Azərbaycanda bu böhranların təsiri demək olar ki, hiss olunmur. Ölkəmizdə daxili siyasət sahəsində yaranmış vəziyyəti təbii sabitlik, sosial iqtisadi inkişaf, insanların rifah halının ildən-ilə yaxşılaşması, xalqla hakimiyyət arasında sıx birliyin yaranması kimi qiymətləndirmək olar. Bütün bu quruculuq, tikinti, iqtisadi tərəqqi işləri Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə baş verir. Hər kəsə məlumdur ki, Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Başqa hansısa ölkə Azərbaycanın vəziyyətində olsaydı, bəlkə də çökərdi".
M.Qasımlı hesab edir ki, son 4-5 ildə Azərbaycan xarici siyasətdə bir sıra uğurlara imza atıb və bu uğurlar daimi olacaq: "Biz 1992-ci ilin mart ayında BMT-yə üzv olmuşuq. Keçən il isə BMT Təhlükəsizlik Şurasının üzvü seçildik. BMT-ni yaradan ölkələrdən bəziləri indiyə kimi Təhlükəsizlik Şurasının üzvü seçilə bilməyiblər. Bu bizim tariximizdə bir ilkdir və bu prezidentimizin adı ilə bağlıdır. Azərbaycan may ayında Təhlükəsizlik Şurasının iclasına sədrlik etdi. Prezident adıçəkilən yerdə terrorizmlə bağlı təkcə Azərbaycanın deyil, bütün dünya ölkələrinin problemlərinə toxundu. Bu onu göstərdi ki, İlham Əliyev dünya liderləri arasında öz yerini tutan və dünya işlərini bilən ölkə rəhbəridir".
Millət vəkili Vahid Əhmədov isə dedi ki, Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə xeyli işlər görülüb:
"2003-cü ildə Azərbaycanın dövlət büdcəsi təxminən 300 milyon manat idi. Bu gün isə Azərbaycanın dövlət büdcəsi 20 milyard manat təşkil edir. Bütün bunlar Azərbaycan iqtisadiyyatında, siyasi elitasında aparılan dəyişikliklərin, ölkəmizdə həyata keçirilən neft-qaz kəmərlərinin, Bakı-Qars dəmiryolu xəttinin çəkilməsi sahəsindəki inkişafın bariz göstəricisidir. İlham Əliyevin prezidentliyi dövründə istər Bakı şəhərində, istərsə də regionlarda problemlər müəyyən mənada öz həllini tapıb. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramı çərçivəsində, Beynəlxalq miqyasda həyata keçirilən işlər öz müsbət nəticəsini tapıb. BMT-dəki Azərbaycanın təmsilçiliyi və dövlətimizin adıçəkilən təşkilata rəhbərlik etməsi təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. Məlum məsələdir ki, Azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və cənab prezident İlham Əliyev tərəfindən əfv olunmasından sonra ölkəmizə qarşı Avropa Şurası, Ermənistan tərəfindən müəyyən təzyiqlər olmuşdu. Amma ölkə prezidentinin uğurlu siyasəti nəticəsində haqq-ədalət öz yolunu tapdı. Hesab edirəm ki, Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar davam etdirilməlidir".
Millət vəkili Rafael Cəbrayılov bildirdi ki, Cənab prezident İlham Əliyevin prezident seçildiyi 2003-
cü ildən bəri Azərbaycan dövlətinin inkişaf etdirilməsi və iqtisadiyyatının yenidən qurulması istiqamətində bir sıra işlər görülüb: "1990-cı illərlə müqayisədə XXI əsr Azərbaycanın istər dövlətçilik tarixində, istərsə də iqtisadiyyatında inkişaf illəri kimi xarakterizə edilə bilər. İlham Əliyev prezident seçildiyi dövrdə də dəfərlərlə öz çıxışlarında qeyd edib ki, mən hər bir azərbaycanlının prezidenti olacam. Biz bunun real həyatda da şahidi olmuşuq. Sosial həyatın hər bir sahəsində inkişaf tempi yüksələn istiqamətdə davam edir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı sərt çıxışından sonra Vergilər Nazirliyində dəyişikliklər oldu və orada yeni qurumlar yaradıldı. Dörd il ərzində hüquqi dövlətin qurulması, təkmilləşdirilməsi, Azərbaycanda demokratiyanın daha sürətlə bərqərar olması buna növbəti sübutdur. Azərbaycan cəmiyyəti bu illərdə daha da inkişaf edib. Təkcə yoxsulluğun 90-cı illərdə 49 faizdən 6 faizə enməsi real göstəriciyə nümunə ola bilər. Cənab prezidentin hakimiyyətdə olduğu ilk illərdə yoxsulluğun səviyyəsi üç dəfə artıq idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB