"Rusiyanın siyasətində dəyişiklik gözlənilir"

"Rusiyanın siyasətində dəyişiklik gözlənilir"

"Dağlıq Qarabağ probleminin həlli təkbaşına Türkiyənin gücündə olsaydı, problem indiyə qədər həll edilmiş olardı". SİA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin sabiq baş naziri Məsut Yılmaz deyib.

O bildirib ki, bu məsələnin həllinin iştirakçıları çoxdur: "Rusiya bu münaqişədə iştirak edir. Sabiq prezident D.Medvedev bu məsələnin həlli üçün iş apardı, lakin heç bir nəticəsi olmadı. İndi Rusiya prezidenti V.Putin bu fəaliyyəti davam etdirir. Onun bu məsələdə hansı siyasəti aparacağını bilmirəm. Biz də bunu maraqla gözləyirik".

Eks-baş nazir həmçinin qeyd edib ki, prosesi təhlil edəndə V.Putinin, D.Medvedevin fərqli siyasət aparmayacağının şahidi oluruq: "Lavrovun bir bəyanatı oldu. O bildirdi ki, əgər hansısa tərəf bu məsələnin həllində silaha əl atsa, Rusiya buna seyrici qalmayacaq. Bu məsələ ilə bağlı qarşıdakı illərdə Rusiyanın siyasətində dəyişiklik gözlənilir. Bunu diqqətdə saxlamaq lazımdır. Türkiyənin bu məsələdə yeri və mövqeyi bəllidir".

"Bu məsələdə Avropa Birliyi də müdaxilə etmək istəyir. Avropa Birliyinin daxilində bununla bağlı fərqli fikirlər var. Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyi bəzi dairələr tərəfindən dəstəklənir, amma Avropa İttifaqına bəzi üzv ölkələr isə öz siyasətləri naminə fərqli fikirlər söyləyirlər. Çox təəssüf ki, hazırda olduqca qarışıq vəziyyət yaranıb və indiyə kimi hər hansı irəliləyiş yoxdur. Amma bilməlidilər ki, münaqişə həll olunmamış qala bilməz. ATƏT-in Minsk qrupu münaqişənin həllini tapmalıdır. Bu gün Ermənistan getdikcə çökür, amma Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi və iqtisadi sahədə böyük inkişafa nail olub", - deyə, M.Yılmaz sözlərinə əlavə edib.

Sabiq baş nazir həmçinin bildirib ki, Ermənistan qapalı bir ölkəyə çevrilib:"Qısa olaraq deyim ki, indi zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə əleyhinə işləyir. Ermənistanın bu vəziyyəti görməsi lazımdır".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə