Nazirlər Vyanada toplaşır

Avropa Şurası tərəfindən Avstriya Hökuməti ilə birgə Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransı keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib. Zorakılığa qarşı ədliyyənin cavabları mövzusuna həsr olunan tədbirdə cinayətkarlığın qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkar qrupların yeni fəaliyyət növləri və şəhərlərdə baş verən zorakılıq ilə mübarizə, yuvenal ədliyyənin problemləri və digər aktual məsələlər müzakirə olunub.

Müzakirələr zamanı Azərbaycanın ədliyyə naziri çıxış edərək hüquq mexanizmlərinin təkmilləşdirilməsi üzrə həyata keçirilən islahatlar, bu sahədə yeni qanunların qəbulu, insan hüquqlarının qorunması, yuvenal ədliyyənin tətbiqi, yeniyetmə məhkumların imtiyazlarının və tərbiyəvi tədbirlərin genişləndirilməsi barədə məlumat verib, konkret təkliflər irəli sürüb. Çıxışda həmçinin, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyon insanın, o cümlədən yüz minlərlə uşağın hüquqlarının kobud şəkildə pozulması faktı vurğulanıb.

Konfrans zamanı bütün Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlili üzrə hazırlanmış hesabatın təqdimatı keçirilib. Həmin hesabat Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən tərtib olunub. Azərbaycanın məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr və CEPEJ ilə səmərəli əməkdaşlığı nəzərə alınaraq, təşkilatçıların dəvəti ilə Avropa məkanından cəmi üç dövlətin - Konfransa ev sahibliyi edən Avstriya ilə yanaşı, Fransa və Azərbaycanın ədliyyə nazirləri təqdimat mərasimində iştirak ediblər. Tədbirin açılışında çıxış edən F. Məmmədov bu sahədə Avropa Şurasının fəaliyyətinin əhəmiyyətini, məhkəmə-hüquq islahatları üçün CEPEJ-in hesabatından üzv dövlətlərin bəhrələndiyi və Azərbaycanın uğurları haqqında məlumat verib.

Bu mötəbər Konfransın tribunasından öz çirkin niyyətləri üçün istifadə etmək istəyən Ermənistan tərəfi Ramil Səfərovun Azərbaycana verilməsi və əfvi ilə bağlı etirazını təkidlə gündəliyə salmağa, bu mövzu üzrə xüsusi çıxış etməyə və müzakirələrin aparılmasına cəhd göstərib. Lakin tədbirin mövzusuna heç bir aidiyyəti olmayan bu yersiz cəhdin qarşısı Azərbaycan nümayəndə heyətinin qəti və əsaslandırılmış etirazları nəticəsində alınıb. Öz məkrli cəhdinin puça uğradığını görən Ermənistan tərəfi iştirakçılar arasında R. Səfərovun əfv edilməsinin guya Avropa hüquq və dəyərlərinə zidd olması barədə bəyanat paylayıblar. Lakin dərhal Azərbaycan nümayəndə heyəti tərəfindən məsələni hüquqi çərçivədə həqiqətə uyğun açıqlayan bəyanat yayılıb. Sənəddə məsələnin beynəlxalq konvensiya və ikitərəfli öhdəliklərə tam uyğun həll olunduğu qeyd olunub. Qəti tədbirlər nəticəsində ermənilər öz absurd məqsədlərinə nail olmayıb, əksinə konfrans iştirakçılarının diqqəti erməni terrorizminə, xüsusilə də ASALA erməni terror təşkilatının azərbaycanlılara qarşı terror hədələrinə cəlb edilib.

Səfər çərçivəsində bir sıra dövlətlərin ədliyyə nazirləri, habelə Avropa Şurasının yüksək səviyyəli nümayəndələri ilə əməkdaşlığa dair danışıqlar aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə