Əli Əhmədov ABŞ-ın Missisipi ştatının senatorları ilə görüşüb - FOTOLAR

Əli Əhmədov ABŞ-ın Missisipi ştatının senatorları ilə görüşüb - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın Missisipi ştatının bir qrup senatorundan ibarət nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Əhmədov Azərbaycan və ABŞ arasında qurulan dostluq münasibətlərindən və əməkdaşlıq əlaqələrindən danışıb.

"Biz amerikalıları dost hesab edirik və ABŞ-da da Azərbaycanı özünə dost bilən xeyli sayda insanın olduğuna əminik. Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafı tək regional deyil, dünya səviyyəsində mühüm əhəmiyyət kəsb edir",- deyə icra katibi bildirib.

Hakim partiyanın icraçı katibi qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiona vurduğu zərbədən danışaraq ABŞ-ın münaqişənin nizamlanmasında vasitəçilik rolunun böyük olduğunu da vurğulayıb: "Artıq 20 ildir ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır, 1 milyona qədər qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin salınıb".

Görüşdə ABŞ nümayəndə heyətinin rəhbəri, Missisipi ştatının senatoru Hillman Terome Frazier bildirib ki, ABŞ və Azərbaycan arasında əməkdaşlıq xüsusilə enerji sahəsində yüksək səviyyəyə çatıb. O ilk dəfə Azərbaycana 1999-cu ildə səfər etdiyini qeyd edərək bildirib ki, ötən dövr ərzində Azərbaycan xeyli inkişafa nail olub, Bakıda genişmiqyaslı quruculuq işləri aparılıb.

O, Azərbaycanın qarşılaşdığı problemlərdən xəbərdar olduqlarını deyərək vurğulayıb ki, münaqişə tezliklə öz həllini tapmalıdır.

Görüşdə həmçinin YAP icra katibinin müavini Siyavuş Novruzov və partiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Asəf Hacıyev də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə