Çingiz Abdullayev jurnalistlərin dalınca İrana gedir

Çingiz Abdullayev jurnalistlərin dalınca İrana gedir

Bu gün İranda 2 azərbaycanlı jurnalistin həbs olunmasına etiraz olaraq tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, tanınmış yazıçı Çingiz Abdullayev, qeyri-hökümət təşkilatının rəhbərləri və jurnalistlər iştirak edib.

Tədbirdə çıxış edən Şahbaz Xuduoğlu məsələ ilə bağlı bunları deyib: "Çingiz Abdullayevin rəhbərliyi ilə bu tədbiri keçirməkdə məqsədimiz İranda həbsdə olan azərbaycanlı jurnalistlərin azad olunmasına nail olmaqdır. Bu məsələ ilə bağlı yazıçı Anar İranın dini işlər üzrə liderinə müraciət edib. Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyi 5 dəfə rəsmi qaydada müraciət edib ki, həbsdə olan azərbaycanlı şairlərlə görüş təyin edilsin, lakin alınmayıb. Biz bu məsələyə haqlı olaraq sərt münasibət göstərdiyimiz halda, İranın daxili işlərinə qarışdığımızı bildirirlər. Lakin bizim məqsədimiz məlumat mübadiləsi aparmaq olub. Mən çox təəssüf edirəm ki, \"Avroviziya\"nı təşkil edən təşkilatlar baş verənlərə hələ də reaksiya verməyib. Yəni iki nəfər söz çarçısını qonşu ölkədə həbs ediblər, bunların isə əlləri dünya ictimaiyyətinə çatacağı halda susurlar. Biz orada həbsdə olan iki gəncimizi azad etmək üçün əlimizdən gələni etməliyik. Mən ilk addım olaraq Beynəlxalq Mətbuat İnsitutunun gücündən istifadə etmək istəyirəm. İstərdim ki, müxtəlif dillərdə müraciətlərimizi bildirək. Sadəcə olaraq onlar öz güclərini göstərməyə çalışırlar."

Daha sonra yazıçı Çingiz Abdullayev çıxış edib. O, İran rəhbərlərinə ünlanlanan məktubların cavabsız qaldığına və hələ də şairlərin həbsdə saxlanıldığına təəssüf edib: "Çox sağ olsun ki, "Pen klub" son 10 ildə millətimiz üçün əhəmiyyətli işlər görüb. Biz bu məsələ ilə bağlı dəfələrlə İrana məktub ünvanlamışıq. Hazırda İranda vəziyyət gərgindir və məktubumuza əhəmiyyət verən yoxdur. Bizim bu iki gəncimizin tutulması onlara heç bir xeyir verməyəcək. Buna görə, heç bir pul və ya dəstək almayacaqlar. Bəzi jurnalistlər nəyə görə onlara bəraət qazandırmamalıdırlar. Xarici dövlətlər hazırda məsələ ilə bağlı bizimlə razılaşdıqlarını bildirirlər. "Pen klub" yenidən beynəlxalq məktub hazırlayıb ki, İran hökümətinə çatdırsın. Hazırda isə bizim müraciətimiz dünyaya yayılaraq ictimaiyyətə çatdırılıb. Bir çox ölkələrdən \"biz sizinləyik\" deyə məktublar gəlir. İndi biz istəyirik ki, daha 10 gün gözləyək, əgər müraciətimiz yenə də qəbul olunmasa İrana gedək".

Qeyd edək ki, İrana müraciət məktubu fars dilinə də tərcümə edilib göndəriləcək. Sonda qeyri-hökmət təşkilatlarının və qeyri jurnalist təşkilatlarının üzvlərinin müraciətlə bağlı təklif və iradları səsləndirilib.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə