Şərqşünaslıq İnstitutu ilə Gürcüstan Universiteti arasında memorandum imzalanıb
Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış türkoloq alim, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, tarix elmləri doktoru, professor Giuli Alasaniya və tanınmış Liviya ictimai xadim və alimi, doktor Fəridə Alaki ilə görüş keçirilib. SİA-nın məlumatına görə, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələrindən söz açıb. Qonaqlara İnstitut barədə ətraflı məlumat verən Gövhər xanım, burada aparılan əhəmiyyətli elmi-tədqiqatlardan, xüsusən də türkologiya və ərəbşünaslıq sahəsində görülən işlərdən, çap olunan yüzlərlə kitablardan söz açıb. G.Baxşəliyeva həmçinin Azərbaycan və Gürcüstan arasındakı elmi əlaqələrədən də danışıb, Gürcsütanda müdafiə etmiş şərqşünas alimlərimizdən bəhs etib.
Bundan sonra AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə özəl Gürcüstan Universiteti arasında memorandum imzalanıb. Memorandumu Azərbaycan tərəfindən Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Gürcüstan tərəfindən özəl Gürcüstan Universitetinin təsisçisi Giuli Alasaniya imzaladılar.
Sonra professor Giuli Alasaniya görüşdə iştirak edən şərqşünas alimlərlə ürək sözlərini bölüşdü, onlara Gürcüstandakı elmin hazırkı vəziyyəti və əldə edilən nailiyyətlərdən, o cümlədən şərqşünaslıq sahəsində görülən işlərdən danışıb. G.Alasaniya dedi: "Sizin institutla məni çox tellər bağlayır. 70-ci illərdə ilk dəfə Bakıya gəlmişdim. İlk növbədə bu institutdakı alimlər mənim üçün çox dəyəlidir. Mən onların əsərlərindən çox faydalanmışam".
G.Alasaniya müstəqillik illərində ölkəsində bir çox sahələrdə olduğu kimi, elmdə də tənəzzül olduğunu, son illərdə vəziyyətin stabilləşərək, inkişafa doğru irəlilədiyini bildirdi. O, Gürcüstanda 70-ə yaxın ali məktəbin fəaliyyət göstərdiyini, onlarda elmi-tədqiqat işlərinin də geniş aparıldığını qeyd etib. G.Alasaniya gürcüstanlı gənc istedadların xaricə təhsil almağa göndərildiyini və qayıdaraq, ölkə elminə xidmət etdiklərini vurğulayıb. O, ölkəsində şərqşünaslığa tələbin əvvəlki illər səviyyəsinə çatdığını qeyd edib.
Bakını özünə doğma şəhər sayan G.Alasaniya çıxışını bu sözlərlə bitirdi: "Biz qonşu deyilik, bir gəmidəyik. Bir yerdə daima yaşamalıyıq. Tarix boyu belə olacaq. İndi başlayan əməkdaşlığımızın da böyük əhəmiyyəti var".
Sonra söz liviyalı alim Fəridə Alakiyə verilib. Təhsilin və elmin hər bir xalqın gələcəyində mühüm rol oynadığını deyən F.Alaki, ölkəsində son zamanlar baş verən hadisələrdən danışıb, Kəddafi rejimi devrildikdən sonra qadınların əldə etdikləri seçki, səsvermə azadlığı və digər hüquqların ölkənin demokratik inkişafı yolunda böyük addım olduğunu qeyd edib.
Sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları çıxış etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB